Cari ildə işğaldan azad olunan ərazilərin minalalardan təmizlənməsi və təhlükəsizliyin təmin olunması istiqamətində işlər aparılıb. Aparılan işlər nəticəsində azad olunmuş ərazilərdə 17 mindən artıq mina zərərsizləşdirilib.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov keçirdiyi brifinqdə deyib.
A.Eyvazovun sözlərinə görə, hərbi qulluqçuların döyüş hazırlığını yoxlamaq üçün Müdafiə Nazirliyinin rəhbərliyi işğaldan azad olunmuş ərazilərə 30 dəfə səfər edib.
Nazirlik rəsmisinin sözlərinə görə, minatəmizlənmə işlərində əsas səylər yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlerinə yönəldilib:
“2021-ci il ərzində 13 min hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib, 17 minədək mina və partlamamış döyüş sursatı aşkar edilərək zərərsizləşdirilib.
Cari il ərzində Kəlbəcər rayonu istiqamətində 220, Laçın rayonu istiqamətində 330, Zülfüqarlı yaşayış məntəqəsi istiqamətində isə 120 km-dən artıq, ümumilikdə 700 km yaxın yeni yol çəkilib və hazırda bu sahədə işlər davam etdirilir”.