11 yanvar 2021-ci ildə imzalanan üçtərəfli bəyanat, Azərbaycanın Ermənistan üzərindəki qələbəsini və rəsmi İrəvanın kapitulyasiyasını təsdiqləyən 10 noyabr bəyanatının icrasıyla bağlı konkret istiqamətlərin müəyyənləşdirilməsinə zəmin yaradan bir sənəd kimi mühüm əhəmiyyət kəsb edir.
Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.
Deputat qeyd edib ki, 11 noyabr bəyanatının imzalanmasından keçən bir il ərzində, Azərbaycan Ermənistanın öz öhdəliklərindən yayınması istiqamətində bütün cəhdlərinin qarşısının alınmasına və sözgedən bəyanatda yer alan müddaəların icrası istiqamətində konkret addımların atılmasına nail olub: “Ötən müddət ərzində regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası məqsədilə yaradılan üçtərəfli İşçi Qrupunun bir neçə iclası keçirilib, kommunikasiyaların bərpası üçün mühüm önəm kəsb edən bir sıra layihələrin əsası qoyulub, Azərbaycanın logistik imkanları genişləndirilib. Ermənistanın müxtəlif bəhanələrlə icrasından yayınmağa çalışdığı Zəngəzur dəhlizinin dəmir və avtomobil yolu seqmentlərinin ayrı-ayrı hissələrinin bərpası və inşası istiqamətində mühüm irəliləyişlər əldə olunub”.
Azər Kərimlinin sözlərinə görə, ötən müddət ərzində Azərbaycanın göstərdiyi diplomatik səylər həm 10 noyabr, həm də 11 yanvar bəyanatlarının icrası prosesinə beynəlxalq dəstəyi artırıb: “Ötən ilin sonlarında Azərbaycan və Rusiya prezidentlərinin, o cümlədən Ermənistanın baş nazirinin iştirakı ilə Soçidə əldə olunan razılaşma, həmçinin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən görüşün nəticələri, görüşlə bağlı Aİ tərəfindən yayılan bəyanatda 10 noyabr və 11 yanvar bəyanatlarının prinsiplərinin dəstəklənməsi rəsmi İrəvanın öz öhdəliklərinə əməl etməkdən başqa seçiminin olmadığı reallığını daha da möhkəmləndirib. Bu baxımdan, 11 yanvar 2021-ci il bəyanatının ildönümündə, Azərbaycanın qarşısına qoyduğu hədəflərə və sözüngedən bəyanatın əsas prinsiplərinin icrasına nail olduğunu deyə bilərik”.
Deputat qeyd edib ki, ötən müddət ərzində 44 günlük müharibənin yaratdığı reallıqlardan və bu xüsusda imzalanan sənədlərdən doğan öhdəliklərin həyata keçirilməsi üçün əlverişli zəmin yaranıb: “Düşünürəm ki, bu il həm işğaldan azad etdiyimiz torpaqlarımızın dirçəldilməsi, həm də bölgədə yeni iqtisadi münasibətlərin qurulması baxımından mühüm il olacaq”.