Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) rəhbəri Aygün Attar Cümhuriyyət Xalq Partiyasından olan millət vəkili Aykut Ərdoğdunun Azərbaycan və Türkiyə arasında enerji sahəsində əlaqələr, habelə iki ölkənin dövlət başçılarına qarşı irəli sürdüyü ittihamları pisləyən bəyanatla çıxış edib.
Modern.az xəbər verir ki, professor Attar bu barədə tviter hesabında yazıb. O, deputatın səsləndirdiyi ittihamları əsassız adlandırıb:
“Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu olaraq Aykut Ərdoğdunu Azərbaycana qarşı əsassız iddiaları səbəbindən şiddətlə qınayırıq. Belə həssas dönəmdə “bir millət, iki dövlət” fəlsəfəsinə ciddi zərər vuran ifadələrinə görə üzr istəməsini gözləyirik.
CHP-li millət vəkilinin Türkiyə və Azərbaycan arasındakı təbii qaz anlaşması ilə əlaqədar əsassız iddiaları cahil cəsarətinin təzahürüdür, yoxsa “bir millət, iki dövlət”i həzm edə bilməməsinin göstəricisidir? Milli mücadilə dönəmində evlilik üzüklərini Anadoluya yardım üçün göndərən Azərbaycana bu kinin səbəbi nədir?”
A.Attar “Azərbaycanla bağlı səslənən ittihamlar Azərbaycan Dövlət Fondunun ötən həftə Mərkəzi Bankda bir milyard avro dəyərində hesab açması xəbəri fonunda səsləndirilməsi təsadüfmüdür” deyə sual ünvanlayıb.
O, CHP rəhbərliyinə müraciət edərək bildirib ki, Qarabağ savaşı boyunca Türkiyənin Azərbaycanla bağlı nümayiş etdirdiyi həmrəylik onu 1944-cü ildə Boraltan körpüsündə həmin dövrün iqtidarının azərbaycanlı qardaşlara xəyanət edərək SSRİ-yə verməsi və hamısının güllələnməsinin ölkəmizə yaşatdığı utancdan qurtarıb:
“Cənab Kılıcdaroğlu, partiyanızın millət vəkillərinin Azərbaycana yönəlmiş əsassız və ittihamedici iddiaları barədə CHP-dən bir açıqlama veriləcəkmi? Qarabağ müharibəsi günlərində köməkçiniz tərəfindən düşmən tezislərinin təkrar edilməsi, Şuşa Bəyannaməsi TBMM-də müzakirəyə çıxarıldığı zamanda TANAP iftirası nə ilə əlaqədardır?”.
Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyənin Cümhuriyyət Xalq Partiyasını (CHP) təmsil edən millət vəkili Aykut Erdoğdu öz sosial şəbəkə profilində Azərbaycan - Türkiyə münasibətlərinə kölgə salacaq fikirlər səsləndirib. Deputat Azərbaycan və Türkiyə əlaqələrində guya bir sıra qaranlıq məqamların olduğunu iddia edib. Onun bu sözləri Azərbaycan və Türkiyə ictimaiyyəti tərəfindən etirazla qarşılanıb.