Xəbər verdiyimiz kimi, Milli Televiziya və Radio Şurası (MTRŞ) ləğv edilir, əvəzində Audiovizual Şura yaradılır. Bu barədə Prezident İlham Əliyevin imzaladığı “Media haqqında” qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə fərmanda qeyd olunub.
Fərmana əsasən, Audiovizual Şura Milli Televiziya və Radio Şurasının hüquqi varisidir, onun öhdəlikləri və əmlakı Şuraya keçir, MTRŞ-nin səlahiyyət müddəti bitməmiş üzvləri həmin müddət bitənədək fəaliyyətlərini davam etdirirlər, Şuranın strukturu və işçilərinin say həddi təsdiq edilənədək MTRŞ-nin Aparatı fəaliyyətini davam etdirir.
Şura strukturunun layihəsini və işçilərinin say həddinə (Milli Televiziya və Radio Şurası Aparatının işçilərinin say həddindən az olmayaraq) dair təkliflərini Maliyyə Nazirliyi ilə razılaşdırmaqla bir ay müddətində dövlət başçısına təqdim etməlidir.
Audiovizual Şuradan gözləntilər nədən ibarətdir? Bundan sonra hansı işlər görülməlidir?

Əməkdar jurnalist, professor Qulu Məhərrəmli Modern.az-a açıqlamasında deyib ki, Audiovizual Şuralar bir sıra Avropa ölkələrində mövcuddur. Həmin şuralar televizya və radio sahəsində dövlət siyasətinin tənzimlənməsi ilə məşğul olur:
“Xarici təcrübə onu göstərir ki, bu şuralar daha çox dövlətin tezlik resurslarının tənzimlənməsi, müxtəlif kanalların fəaliyyət göstərməsi, alternativ kanalların yaradılması, yayım prosesində prülarizmin gözlənilməsi, cəmiyyətin istək və arzularının təmin olunması ilə bağlı televizya kanalların fəaliyyətini tənzimləyir. Söhbət burada kontentdən deyil, daha çox kanalların texniki aspektlərinin tənzimlənməsindən, tamaşaçı maraqlarının qorunmasından və əlbəttə ki, yayım sahəsində dövlətin siyasətinin tənzimlənməsindən gedir”.
Tanınmış media mütəxəssisi qeyd edib ki, əsas diqqət tənzimlənmə məsələsinə yönələcək:
“Hesab edirəm ki, “Media haqqında” qanunun tətbiq dairəsinin genişlənməsi, xüsusən internet müstəvisində media profillərinin artması və burada televiziya, yayım seqmentinin çoxalması, “Youtube” kanallarının, internet televizyalarının sayca artması - bütün bunlar teleradio yayımının şaxələnməsinə, onların diversifikasiyasına və istər-istəməz tənzimləmə məsələlərinin ortaya çıxmasına səbəb olur. Yeni texnologiya özüylə məzmunun fərqli şəkildə ifadə olunması problemini ortaya qoyur. Elə məsələlər var ki, onların hüquqi cəhətdən tənzimlənməsi məsələsi ortaya çıxır. Yeni adı dəyişdirilmiş, funksiyaları genişləndirilmiş Audiovizual Şura bu işlərlə məşğul olacaq”.

Audiovizual Şuranın gələcək fəaliyyətindən söz açan Qulu Məhərrəmli gözləntilərini də açıqlayıb:
“Mənə elə gəlir ki, Şuranın fəaliyyəti ilə bağlı bizdə ümidverici məqamlar var. O cümlədən, bizim audiovizual məkanın inventarlaşdırılması, burada gedən proseslər, reklam bazarı, bununla bağlı aparılmış tədqiqatlar və bunlara açıqlıq verilməsi bizə əsas verir ki, Audiovizual Şuradan bu səyləri davam etdirməsini gözləyək. Əlbəttə, əsas yenilik yeni qanuna istinad etmək olacaq. Yəni kiminsə istək və arzusundan yox, media haqqında qanundan irəli gələn vəzifələr Audiovizual Şuranın fəaliyyətinin əsas istiqaməti olacaq. Bütün hallarda Audiovizual Şura teleradio yayımı sahəsində dövlət siyasətini həyata keçirən, onu tənzimləyən əsas qurum olacaq. Şuranın idarə olunmasında, onun tərkibinin formalaşmasında mövcud olan əvvəlki prosedurlar yerində qalacaq. Sadəcə olaraq, onun fəaliyyətində şaxələnmə özünü göstərəcək. Bu da daha çox yeni medianın, internet resurslarının televiziya və yayım seqmentinin genişlənməsi ilə bağlı olacaq”.
Turqay Musayev