İtaliyada açıq havada maskalardan istifadə öhdəliyi ləğv olunacaq.
Modern.az xəbər verir ki, İtaliyanın səhiyyə naziri Roberto Speranza bununla bağlı qərar imzalayıb.
Yeni qaydaya əsasən, fevralın 11-dən etibarən bütün ölkə ərazisində insanların sıx olmadığı yerlərdə maska taxmaq tələbi ləğv ediləcək. Qapalı məkanlarda və açıq havada təşkil olunan aksiya və toplantılarda maskalardan istifadə məcburiyyəti martın 31-dək davam edəcək.
Xatırladaq ki, İtaliyada ötən il dekabrın 24-də koronavirusun “omikron” ştamının yayılmasının qarşısının alınması ilə bağlı tətbiq olunan qaydalar çərçivəsində açıq havada maskadan istifadə tələbi qoyulmuşdu.
Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 11 milyon 765 min 767 nəfərdə COVID-19 virusu aşkarlanıb. Aktiv koronavirus xəstələrinin sayı 1 milyon 927 min 800 nəfərdir. Virusdan ölənlərin sayı isə 149 min 512 nəfər olub.