Fransa Prezidenti Emmanuel Makron Moskvaya son səfəri zamanı rusiyalı həmkarı Vladimir Putinə Ukraynadakı vəziyyətlə bağlı təkliflər verib.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, Makron Kiyev üçün neytral statusun təmin edilməsini təklif edib. Bu da öz növbəsində onu Şimali Atlantika Alyansına (NATO) qoşulmaq imkanından məhrum edəcək.
Məlumata görə, Makron NATO üzvləri ilə razılaşdırmadan belə təklif irəli sürüb. NATO-ya üzv ölkələr isə bəyan ediblər ki, Fransa Prezidentinin Putinlə danışıqlardan əvvəl müttəfiqləri ilə məsləhətləşməməsi istənilən razılaşmanı mənasız edir.
"O öz işi ilə məşğuldur, nə baş verdiyini bilmirik. NATO mövqeyindən kənara çıxıb", - Britaniya hökumətindəki mənbə bildirib.
Makronun Ukraynanın neytrallığı ilə bağlı təklifi nə Şimali Atlantika Alyansı, nə də Kiyev tərəfindən dəstəklənir.
Qeyd edək ki, Rusiya və Fransa liderləri arasında görüş bazar ertəsi axşam Moskvada baş tutub və beş saat davam edib. Əsas müzakirə mövzusu Avropada təhlükəsizliyin təmin edilməsi problemi olub.