"Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin məlumatında aparılan yoxlamanın əhatə etdiyi dövr göstərilmədiyindən, məsələyə aydınlıq gətirməyi vacib hesab edirik. Vurğulamaq istərdik ki, Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2021-ci ildə aparılmış nəzarət tədbirləri 2015-ci ilin 1 yanvar tarixindən 2020-ci ilin 3 iyul tarixinədək olan dövrü əhatə edir".
Modern.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.
"Məlum olduğu kimi, DTX-nın 2020-ci ildə apardığı əməliyyat nəticəsində XİN-in İşlər İdarəsinin məsul əməkdaşları saxlanılıb və aparılmış istintaq hərəkətləri nəticəsində XİN zərərçəkmiş şəxs qismində tanınıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş 22 dekabr 2021-ci il tarixli hökmünə uyğun olaraq, həmin şəxslərdən cinayət hərəkətləri nəticəsində əldə olunmuş vəsaitin XİN-ə ödənilməsi qeyd olunub", - L.Abdullayeva vurğulayıb.
Qeyd edək ki, Maliyyə Nazirliyinin bu gün yaydığı məlumata əsasən, Dövlət Maliyyə Nəzarəti Xidmətinin ötən il Xarici İşlər Nazirliyində (XİN) apardığı nəzarət tədbirləri zamanı dövlət büdcəsində dəftərxana və təsərrüfat mallarının alınması üçün nəzərdə tutulmuş vəsaitin satıcı təşkilatların hesablarına köçürülməsinə baxmayaraq, həmin malların, habelə mətbəə blanklarının bir hissəsinin faktiki olaraq alınmadığı aşkar olunub.
Məlumatda bildirilib ki, sözügedən XİN-də istifadə olunan kompüter avadanlığı və texniki vasitələr üçün ehtiyat hissələrinin, habelə hədiyyə və suvenirlərin alınması məqsədilə köçürülmüş vəsaitin müqabilində həmin material qiymətlilərinin xeyli hissəsinin faktiki olaraq alınmadığı, bankdan çıxarılaraq Nazirliyin kassasına mədaxil edilən büdcə vəsaitinin bir hissəsinin xərclənməsinə dair sənəd olmadığı halda isə məxaric edilməsi yolu ilə əsassız xərcləndiyi müəyyənləşib.