Modern.az

Azərbaycanın enerji potensialı geosiyasi önəm daşıyır

Azərbaycanın enerji potensialı geosiyasi önəm daşıyır

Aktual

16 Fevral 2022, 00:18

Azərbaycan müasir tarixində nəhəng iqtisadi layihələrə imza atır. Gənc ölkə olmağına baxmayaraq, Azərbaycan əməkdaşlıq və dostluq əlaqələri qurdugu dövlətlərlə müxtəlif sahələrdə birgə layihələri ilə beynəlxalq miqyasda sözünü deyir. Hazırda ölkəmiz enerji mənbələri potensialı baxımından iqtisadi artım tempinə görə inkişaf etmiş ölkələrdən heç də geri qalmır. 

 

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov bildirib.

 

Deputat qeyd edib ki, “Qobu” Enerji Qovşağının işə salınması bunun bariz ifadəsidir.  İrimiqyaslı enerji obyektlərinin inşasının xeyli vaxt tələb etməsinə baxmayaraq, Azərbaycanın qısa zaman kəsiyində belə nəhəng enerji müəssisələrini inşa etməsi onun iqtisadi-maliyyə gücünün məntiqi nəticəsidir.

 

Gücü 750 meqavat olan “Yaşma” yarımstansiyasının, eləcə də 385 meqavat “Qobu” Elektrik Stansiyasının istifadəyə verilməsi ölkənin enerji dayanıqlığına xidmət göstərir. Ayrıca, ötən il Azərbaycanda  27 milyard kilovat/saat elektrik enerjisi istehsal edilməsini də nəzərə alsaq, bu sahədə görülən işlərin miqyası haqqında aydın təsəvvür yaranır. Eyni zamanda, keçən il 1,6 milyard kilovat/saat  həcmində elektrik enerjisi ixrac edilməsi də rekord göstəricidir. Bu isə Azərbaycanın ciddi elektrik enerjisi ixrac edən ölkəyə çevrildiyini göstərir.

 

Bu kimi önəmli layihələrin icrasında, eləcə də inşasında ölkənin öz vəsaitindən yararlanması onun maliyyə və texniki imkanlarının gücündən xəbər verir. Ölkə başçısının qeyd etdiyi kimi, Azərbaycanın iqtisadi və sənaye potensialı artmaqda davam edir. Belə ki, ötən il iqtisadiyyatın 5 faizdən çox, qeyri-neft sektorunda sənaye istehsalının isə 20 faiz artması bunun bariz ifadəsidir.

 

Hazırda Azərbaycan enerjisi ölkə hüdudlarından kənara da öz töhfəsini verməkdədir. Bir neçə gün bundan qabaq Prezident İlham Əliyev “Qobu” Elektrik Stansiyasının açılışında bu barədə daha ətraflı danışıb: 

 

Əlbəttə ki, artan sənaye artan generasiyagücləri tələb edir. Məhz biz buna görə belə nəhəngobyektləri inşa edirik. Artan daxili tələbatı belə gözəlenerji stansiyaları ilə təmin edəcəyik. Eyni zamanda, qeyd etdiyim kimi, bizim enerji gücümüzə xaricdə tələbat artır. Bizim 4 qonşu ölkəyə elektrik enerjisinin ixracatı artmaqdadır - Türkiyə, Rusiya, Gürcüstan və İran. Qeyd etdiyim kimi, 1,6 milyard kilovat/saat elektrik enerjisi ixrac etmişik. Bizim həm neft, həm qaz, həm elektrik enerjisi ixracatı bu gün həm Azərbaycanın, həm qonşu ölkələrin və hətta Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycan nadir ölkələrdəndir ki, bütün qonşu ölkələrə həm xam neft, həm təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisini ixrac edir”.

 

Müstəqilliyimizin ilk illərində ölkənin enerji gücü məhdud idi. Mövcud stansiyalar yararsız vəziyyətə düşmüşdü və stansiyaların tikilməsi üçün vəsait mövcud deyildi. Respublika elektrik enerjisini Rusiyadan idxal edirdi. Ümumiyyətlə, ölkədə müxtəlif sahələrdə bu kimi problemlər özünü göstərirdi.

 

Hazırda Azərbaycan dünya səviyyəsində qabaqcıl ölkələrdəndir.  Bu gün xarici şirkətlər Azərbaycanın uğurlu gələcəyinə inanırlar. Ötən ay  enerji sahəsində ən böyük, ciddi şirkətlərdən biri olan “ACWA Power” və Azərbaycan arasında imzalanan müqavilə əsasında təməli qoyulmuş 240 meqavatlıq külək elektrik stansiyasının önəmi göz önündədir. 

 

Bu da ölkəmizin dünya səviyyəsində yüksək yerinin göstəricisidir.

 

Azərbaycan uğurlu layihələr gerçəkləşdirməkdə qərarlıdır. Artıq BP şirkəti ilə Cəbrayıl rayonunda 200 meqavatdan çox gücə malik olan Günəş Elektrik Stansiyasının inşası ilə əlaqədar danışıqlar aparılır. Eyni zamanda, bu  yöndə Birləşmiş Ərəb Əmirliklərinin  Mazdar şirkəti ilə də müzakirələr gedir. Belə ki, “Qız qalası” su anbarlarında İranla bərabər 280 meqavatlıq elektrik stansiyalarının tikintisi diqqətdə saxlanılır.

 

Enerji sahəsində lahiyələr genişliyi ilə seçilir. Azərbaycan bərpaolunan enerji potensialını artırır. İşğaldan azad olunmuş ərazilərdə keçən il “Güləbird”, “Suqovuşan-1”, “Suqovuşan-2”, Kəlbəcərdə Lev çayı üzərində 4 su elektrik stansiyası yenidən qurulub.  Əlavə olaraq, cari ildə daha 5 su elektrik stansiyasının inşasının sona çatması nəzərdə tutulub. Bunlar enerji sektorunda ciddi inkişaf deməkdir.

 

Azad edilmiş torpaqlarda 9 min meqavatdan artıq təsdiqlənmiş enerji potensialı mövcuddur. Bu, həm də Qarabağ və Şərqi Zəngəzurun zəngin enerji potensialı və Azərbaycanın bu sahədə ixrac imkanlarının gücü barədə aydın təsəvvür yaradır. Burada Zəngəzur dəhlizinin önəmini də vurğulamaq yerinə düşər. Belə ki, Zəngəzur dəhlizi təkcə  dəmir, avtomobil yolu deyil, eləcə də enerji növlərinin ixracında böyük rola malik olacaq. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını elektrik enerjisi ilə təmin etmək, oradan xarici bazarlara, eyni zamanda, Türkiyəyə, daha sonra Avropaya çıxarmaq üçün yeni bir xəttin olması nəzərdə tutulur.

 

Deputat sonda bildirib ki, bütün bu layihələrin icrası iqtisadi və geosiyasi əhəmiyyət kəsb edir. Ölkəmizin təkcə neft və qazdan deyil, eyni zamanda, elektrik enerjisindən də valyuta əldə etməsinə, sosial şəraitin daha da yaxşılaşmasına əlverişli zəmin yaradır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı