“Azərbaycana səfərimiz müəyyən müddətdir planlaşdırılırdı. Lakin səfər COVID-19 pandemiyasına görə təxirə salınırdı. Belə səfərlər bizim üçün vacibdir. Çünki ərazidə oluruq, insanların nə hiss etdiyini, nə baş verdiyini anlayırıq. Şəhərdə gəzmək belə insana fərqli fikirlər verir. İndiki halda bizim ilk olaraq bu səfəri planlaşdırmağımızdan bu yana vəziyyət Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə kəskin şəkildə dəyişib”.
Modern.az xəbər verir ki, bu sözləri Azərbaycanda səfərdə olan Xəzər Siyasət Mərkəzinin proqram rəhbəri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevlə söhbətində deyib.
“Hazırda bizə maraqlıdır ki, Azərbaycanın Avropada təhlükəsizliyə dair vəziyyətlə bağlı baxışı nədən ibarətdir Bildiyimiz kimi Azərbaycan Avropanın vacib tərəfdaşıdır. Biz həmçinin Azərbaycana Türkiyə, Rusiya, İranla vacib qonşuları baxımından nəzər salırıq. Bizə maraqlıdır ki, Azərbaycanın ABŞ-dan gözləntiləri nədir?
Pis odur ki, məndən soruşurlar. Amma sən şəxsən soruşmalısan, insanlarla danışmalısan. Hesab edirəm ki, amerikalılar üçün bu çox vacibdir. Biz çoxsaylı dəyişikliklərdən keçirik. Problemlərin həlli üçün əlimizdən gələni edirik. Lakin biz inandığımız, tanıdığımız insanları dinləməyə ehtiyac duyuruq. Bizdən nə gözlənilir və biz əlaqələrimizin daha yaxşı olması üçün nə etməliyik. Biz yaxşı dostuq, lakin daha yaxşı dost ola bilərik. Düşünürəm ki, bu hazırki vəziyyətdə çox vacibdir”,- keçmiş səfir vurğulayıb.