İran paytaxtı Tehranda 200-dən çox idarəyə elektrikin verilişi dayandırılıb.
Modern.az-ın məlumatına görə, bunu İranın Tehran Elektrik Enerjisinin Paylanması Şirkətinin icra direktoru Kambiz Nazerian deyib.
K.Nazerianın sözlərinə görə, bu idarələr İranın Energetika Nazirliyinin elektrik istehlakının azaldılması ilə əlaqədar xəbərdarlıqlarına rəğmən elektrik istehlakını azaltmayıblar. Bildirilib ki, idarələrin elektrik istehlakı azalmadığı halda, onların adları ictimaiyyətə elan olunacaq.
Qeyd edək ki, İranda yayda elektrik çatışmazlığının aradan qaldırılması məqsədilə 11 iyundan 25 avqustadək dövlət idarələrinin iş saatları dəyişdirilib. Qeyd olunan müddətdə iş saatı yerli vaxtla saat 07:00-da başlayır və 13:30-da bitir.