Modern.az

Dünyanın siyasi xəritəsində yeni, mükəmməl Azərbaycan yaradılır

Dünyanın siyasi xəritəsində yeni, mükəmməl Azərbaycan yaradılır

Aktual

28 İyun 2022, 21:20

Prezident İlham Əliyevin Zəfər savaşından sonra Qarabağda quruculuq siyasəti müharibədə əldə edilən tarixi qələbəni tamamlayan vacib elementlərdən biridir. Otuz il ərzində torpaqlarımızı işğal altında saxlayan düşmənin bu bölgədə yaratdığı xarabalıq mənzərəsi qarşısında Azərbaycan dövlətinin qısa zaman müddətində ortaya qoyduğu heyrətamiz bərpa-quruculuq layihələri bütün dünyaya kimin bu ərazini Vətən saydığı, kimin isə bu torpaqlarda əbədi yaşamaq haqqı olduğunu göstərdi.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.
 


Onun sözlərinə görə, ilyarım ərzində işğaldan azad edilmiş yaşayış sahələrində görülən işləri göz önünə gətirdikdə, şübhəsiz ki, bunu fantastik adlandırmaq olar: "Bir tərəfdən ərazilər minalardan təmizlənir, paralel şəkildə yaşayış və ictimai obyektlər tikilir, digər tərəfdən isə yollar çəkilir, infrastruktur yaradılır. Bir sözlə, dünənə qədər hərb meydanı sayılan Qarabağ bu gün genişmiqyaslı tikinti-abadlıq və inkişaf məkanına çevrilir. Heç şübhəsiz ki, bəzən insan xəyalının belə qəbul edə bilmədiyi bu prosesin zirvəsində ölkə rəhbəri dayanır. Torpaqların azad olunmasında Ali Baş Komandan kimi sərkərdəlik qüdrətini göstərən İlham Əliyev hazırda o torpaqlarda məskunlaşma üçün vacib olan abadlıq-quruculuq işlərinə də şəxsən nəzarət və rəhbərlik edir".


Deputat bildirib ki, iyunun 26-da ölkə Prezidentinin Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfəri bunun bir daha təsdiqidir:


"Dövlətimizin başçısının Kəlbəcərdə komando hərbi hissəsinin açılış zamanı dərin məzmunlu çıxışı düşünürəm ki, yaxın keçmişimizin faciəli günlərinin kədərli  hadisələrini bir  daha xatırlatdı. Yeri gəlmişkən, 1993-cü ilin aprel ayında işğal olunan və 2020-ci ildə qəsbkardan geri alınan, bu gün isə xoşbəxt günlərini yaşayan rayona Müzəffər Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələr Günü səfər etməsi, əslində, bayrama bayram qatılan qürürverici xoş bir hadisəyə çevrilmişdi.


Erməni hərbi birləşmələrinin xalqımızın başına gətirdiyi facilərdən danışan ölkə rəhbəri ötən illəri xatırladaraq Kəlbəcərdə dinc əhalinin məqsədli şəkildə işgəncələrlə öldürülməsini bildirdi. Prezident Kəlbəcərin itirilməsini  müharibənin ondan sonrakı gedişatına da mənfi təsir göstərdiyini haqlı olaraq qeyd etdi. Kəlbəcərin düşmən əsarətinə düşməsi ölkəmiz üçün strateji nöqteyi-nəzərdən böyük faciə idi. Bu dəhşətli hadisə isə təsadüfi deyildi. Tam müdafiəsiz qalan rayon bərbad idarəçiliyin və xəyanətin qurbanı olaraq işğal olunmuş və bununla da qəsbkar istəyinə qovuşmuşdu.


İşğalçı həmin vaxtdan etibarən tarixi abidələrimizi, mədəniyyətimizi məhv edərək özününküləşmə prosesinə başladı, bütün bunlar azmış kimi, həyasızcasına şəhər və rayonlarımızın adlarını dəyişməkdən belə çəkinmədi. Amma nə özləri, nə də xarici havadarları yatsalar da, yuxularına gəlməzdi ki, günlərin birində Prezident İlham Əliyevin  komandanlığı altında  diz üstə çökdürülən, ordusu tamamilə sıradan çıxarılan Ermənistanın hərbi-siyasi rəhbərliyi rüsvayçı təslimçilik sənədinə imza atmaqla əzəli Azərbaycan torpaqları  olan Laçın, Kəlbəcər və Ağdam döyüşsüz əsl sahibinə qovuşacaq".


"Yuxarıda qeyd etdiyim kimi, düşmən bunu ağlına belə gətirə bilmirdi. Amma qalib ölkə statusu qazanmış Azərbaycan xalqı bu tarixi qələbəyə Prezident İlham Əliyevlə nail olacağına qəlbən inanırdı və 2020-ci ildə heç vaxt yaddaşımızdan silinməyən bu şərəfli tarixi hadisəni yaşadı.  


Prezident İlham Əliyevin Kəlbəcərə səfər çərçivəsində İşğal və Zəfər muzeyləri kompleksinin, Rəqəmsal İdarəetmə Mərkəzinin, su istehsalı zavodunun, İstisu sanatoriyasının təməlini qoyması, tikilməkdə olan “Çıraq-1” kiçik su elektrik stansiyasında işlərin gedişi ilə tanış olması Azərbaycan Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurun bərpası istiqamətində mühüm layihələrin uğurla reallaşdırılmasından, işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinin intensiv şəkildə aparılmasından xəbər verir. Bu, eyni zamanda, hamımızda uzun illər düşmənin xarabalığa çevirdiyi dogma torpaqlarımızın tez bir zamanda dünyanın ən inkişaf edən məkanlarından birinə çevriləcəyi əminliyini yaradır", - deputat vurğulayıb.


Rəşad Mahmudov sonda qeyd edib ki, bu gün Azərbaycan reallığı region, eləcə də dünya üçün yeni mənzərə formalaşdırıb. Hətta açıq ermənipərəst mövqedə olan güclər belə Prezident İlham Əliyevin diplomatik, hərbi və iqtisadi siyasəti qarşısında gerçəklikləri qəbul etmək məcburiyyətindədir:

 

"Belə bir situasiyada da xəstə təfəkküründən əl çəkməyib boş xülyalarla yaşayan erməni revanşistləri dünyanın gülüş obyektinə çevrilib. Çünki həmin qüvvəllərin liderləri sayılan Köçəryan- Sarkisyan cütlüyünün “qəhrəmanlığını” ikinci Qarabağ müharibəsində hər kəs aydın şəkildə gördü. Onların Ali Baş Komandan İlham Əlyevin qüdrətli sərkərdəliyi qarşısında döyüş meydanından fərari kimi qaçmaları uzaq bir tarix deyil.

 

Bir sözlə, bu gün Prezident İlham Əliyev yalnız möhtəşəm tarix yazmır, həm də dünyanın siyasi xəritəsində yeni, mükəmməl bir Azərbaycan yaradır!".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı