İyunun 29-da səhər saat 5:00 radələrində baş vermiş təbii fəlakət - güclü külək və leysan Zaqatala rayonu ərazisində ciddi fəsadlar törədib. Belə ki, rayonun Yuxarı Çardaxlar və Muxax kəndləri ərazisində dağlardan axıb gələn sular nəticəsində vətəndaşların əkin yerlərinə, fındıq bağlarına və həyətyanı sahələrinə ziyan dəyib. Güclü külək Muxax kəndində bir vətəndaşın yaşayış evinin dam örtüyünü, eləcə də Yuxarı Çardaxlar kənd tam orta məktəbinin dam örtüyünün bir hissəsini aparıb.
Modern.az xəbər verir ki, Zaqatala Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, baş vermiş təbii fəlakət nəticəsində elektrik təsərrüfatına və rabitə sisteminə də ziyan dəyib, 6 yaşayış məntəqəsində elektrik verilişində fasilə yaranıb.
Rayonun Aşağı Tala, Dağlı, Muğanlı, Muxax, Əliabad qəsəbəsi və digər yaşayış məntəqələrində 300-dən çox ağac aşıb, içməli su təsərrüfatında problemlər yaranıb.
Hazırda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən zəruri işlər davam etdirilir.