Özbəkistan prezidenti Şavkat Mirziyoyev iğtişaşların baş verdiyi Qaraqalpaqıstan ərazisində iyulun 3-dən avqustun 2-dək fövqəladə vəziyyət rejimi elan edib.
Modern.az xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Şerzod Əsədov bildirib.
“Vətəndaşların təhlükəsizliyini təmin etmək, onların hüquq və azadlıqlarını qorumaq, asayişi bərpa etmək məqsədilə prezidentin sərəncamına əsasən, iyulun 3-ü saat 00:01-dən avqustun 2-si saat 00.00-dək Qaraqalpaqıstan respublikasında fövqəladə vəziyyət rejimi tətbiq edilib”, - rəsmi açıqlamada deyilir.
Qeyd edək ki, prezident Şavkat Mirziyoyev ötən gün iğtişaşların baş verdiyi Qaraqalpaqıstan Muxtar Respublikasının paytaxtı Nukus şəhərində səfərdədir. Dövlət başçısı ölkə Konstitusiyasında Qaraqalpaqıstanla bağlı maddələrə dəyişiklik etməmək barədə qərar verib.
Xatırladaq ki, dünən konstitusiyaya dəyişikliklərlə əlaqədar Nukusda qanunsuz nümayişlər keçirilib.