Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin şəhid uşaqları üçün təşkil etdiyi növbəti yay istirahət düşərgəsi davam edir.
Modern.az xəbər verir ki, düşərgənin sonuncu günü əyləncəli və maraqlı anlarla yadda qalıb.
İki mərhələdən ibarət olan layihənin hər mərhələsində uşaqlardan və valideynlərdən ibarət 70 nəfərin Qubaya 5 günlük yay istirahət düşərgəsinə göndərilməsi nəzərdə tutulub.
İlk qrup, düşərgənin 5-ci günündə şəhid övladları peşəkar təlimçilərin təşkil etdiyi Əyləncəli idman oyunları və “Xəmsə” intellektual təlimində iştirak ediblər. Sonra intellektual və əyləncəli oyunlarda özlərini sınayan düşərgə iştirakçılarına sertifikatlar təqdim olunub.
Peşəkar psixoloqun yardımına ehtiyacı olan uşaqlarla fərdi söhbətlər aparılıb.
Günün sonunda iştirakçılar üçün mini-futbol oyunu təşkil olunub.
Sosial Xidmətlər Agentliyinin sosial sifarişi əsasında “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən Qubada həyata keçirilən layihə ölkəmizin müxtəlif bölgələri üzrə 100-dək şəhid uşağını (valideynlərindən birinin müşaiyət edəcəyi də nəzərə alınmaqla 140 nəfəri) əhatə edəcək.