"Virusdan qorunma yolları yenə də dəyişməz olaraq qalır".
Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
T.Eyvazov qeyd edib ki, ilk növbədə qapalı məkanlarda, ictimai nəqliyyatda, yas yerlərində maskadan istifadə, otaqları tez-tez havalandırmaq, insanların sıx toplaşdığı yerlərdə iştirakı minimuma endirmək, sosial məsafəni (ən azı 1.5 metr) gözləmək, əl və tənəffüs gigiyenası qaydalarına əməl etmək vacibdir.
"Bu sadə tövsiyələr pandemiyanın şiddətli vaxtlarında özünü dəfələrlə doğruldub. Bir müddət gündəlik yoluxmada ikirəqəmli göstəricilər insanlarda bir arxayınlıq formalaşdırdı, sanki hər şey geridə qaldı. Epidemiyanın alovlanma dövrlərində bu sadə qaydalara etinasızlığın nələrə səbəb olduğunu artıq öz acı təcrübəmizdən bilirik və bunu unutmamalıyıq", - nazirlik rəsmisi qeyd edib.