İrəvandakı "Sürməli" ticarət mərkəzində baş vermiş partlayışla bağlı cinayət işində terror aktını və ya başqa qəsdən cinayət tərkibinin olmasını göstərən fakt yoxdur.
Modern.az xəbər verir ki, bunu Ermənistan hökumətinin avqustun 18-də keçirilən iclasında Respublika İstintaq Komitəsinin rəhbəri Argişti Karamyan baş nazir Nikol Paşinyanın terrorizm və ya belə bir aktın qəsdən törədilməsi versiyalarına baxılıb-baxılmaması barədə sualına cavab verərkən deyib.
“Cinayət işi çərçivəsində müxtəlif versiyalar, o cümlədən sizin dediyiniz versiyalar müzakirə olunur. Dəlillər daha çox ehtiyatsızlıqdan baş verən cinayətin sübutudur”, - Karamyan bildirib.
Xatırladaq ki, avqustun 14-də İrəvandakı “Sürməli” ticarət mərkəzinin ərazisində baş vermiş partlayış nəticəsində 16 nəfər həlak olub. Onlardan 1-nin kimliyi hələlik məlum deyil, olayda 62 nəfər yaralanıb.