Modern.az

Kəlbəcərsiz 20 ili də yelə verdik...

Kəlbəcərsiz 20 ili də yelə verdik...

Aktual

2 Aprel 2013, 12:57

Allahverdi Dönməz

Artıq Kəlbəcərsiz doğulanlarımız gəlin göçür, dünyaya övlad gətirirlər, ev- eşik sahibi olurlar. Bu Kəlbəcərsiz doğulub ailə quranlar Kəlbəcəri yalnız ekranlarda, xəyallarda görürlər. Onların övladlarının ağlına isə Kəlbəcər adlı bir diyar ümumiyyətlə gəlmir. Deməli Kəlbəcər bu gün bu uşaqlara artıq “yad qohumdu”. Təəssüflər... Torpaqlarımızın sahibi olmaq əvəzinə, onu yalnız yuxularda axtarmaq məcburiyyətində qalmışıq"
Ölkənin 60-dan çox rayonuna səpələnən kəlbəcərlilərin qəbirləri də Azərbaycan boyu səpələnib. Bu səpələnənlər çox vaxt, doğmalarının xeyir-şərini belə günlər keçəndən sonra eşidir, əksərində iştirak edə bilmirlər. Azərbaycan boyu yayılan qəbirlər nəinki 60-dan çox rayonda, demək olar ki, artıq xarici ölkələrin də bir çoxunu əhatə edibdi. Maddi sərvətləri milyardlarla ölçülən kəlbəcərlilər bu gün əllərə baxıncı qalmaqla, xeyr-şər məclərini də ürəyincə yola verə bilmirlər. Onlar bu çətinliklərə dözsələr də, Kəlbəcərsiz dünyalarını dəyişmələrini heç bir şeylə müqayisə edə bilmirlər.
Elə mənim valideyinlərim kimi. 1993-cü ildə Tərtərdə məskunlaşan valideyinlərimizdən anamı 2 il sonra itirdik. Məzarını Kəlbəcərə yaxın, Tərtər torpağına əmanət etdik. 19 il sonra atamı Bakıda vəfat etdi. Nəşini yenə də Tərtərə, Kəlbəcərə yaxın əraziyə apardıq. Daşına bu sözləri yazdım ; ”Nəşimi Tərtərə, üzümü qibləyə, yönümü Kəlbəcər tərəfə qoyun”. Məncə bu arzu təkcə mənim doğmalarımn yox, bütün yurd itirənlərin fəryadıdı.
Son dövrün statistikasından məlum olur ki, artıq o torpaqda doğulub, oranın şirinliyini varlıqlarına hopanların böyük əksəriyyəti dünyadan köçürüblər. Orta nəslin isə bir çoxu mühacirətdə, bir qismi biznesdə, bir qismi də məskunlaşdığı yerlərə qaynayıb-qarışıb ki, onları da artıq Kəlbəcər az maraqlandırır. Ola bilsin ki, bu ifadəmdən vətənpərvər insanlarımız hiddətlənsinlər. Amma etiraf etməliyik ki, böyük vətənpərvərlikdən hələ çoxumuzun o qədər də xəbəri yoxdur. Olsaydı, bu 20 ildə kəlbəcərlilərin kürəyinə yapışdırılan "qoyub qaçdılar"a bir tutarlı cavab verilərdi. Bunlar azmış kimi siyasi avantüristlər erməninin, rusun, farsın və Türkiyədə kök salmış düşmənlərin əliylə işğal edilən torpaqlarımızın baiskarı kimi qaçqın və köçkünləri “qoyub qaçmaqda” ittiham etməkdədilər…

Yaxşı xatirimdədir ki, torpaqların işğala "hazırlanması" ərəfəsində birinci olaraq hakimiyyətə can atanlar, vətənpərvər könüllüləri min bir bəhanəylə döyüşdən uzaqlaşdırırdılar. O könüllüləri ki, onlar Kəlbəcərin mühasirədə olmasına baxmayaraq, 1988-ci ildən ta işğala qədər qanları bahasına yurdlarını sücaətlə qoruyurdular. Bunu görən hakimiyyət hərisləri 1992-ci ilin payızından bu qüvvələri tərksilah etməyə başladılar. Yəni Kəlbəcərin müdafiəsini kəlbəcərlilərin əlindən alaraq, Surət Hüseynovun bandasının ixtiyarına verdilər. O, Surət Hüseynovun ki, Kəlbəcərin işğalıyla eyni vaxtda AXC-Müsavat hakimiyyətinə qarşı qiyama başlayaraq, ölkəni vətəndaş müharibəsinin bir addımlığına gətirdi. Sağ olsun rəhmətlik Elçibəy ki, bunun baş tutmasına imkan vermədi. Hakimiyyət devrildi, Surət Hüseynov isə xidmətinə görə baş nazir postu ilə mükafatlandırıldı. Aradan bir qədər keçəndən sonar rəhmətlik Heydər Əliyev S.Hüseynovun da "mükafatını" verdi... O ömürlük həbs cəzasına məhkum olundu. İlham Əliyev isə əfv etdi. Bu əfv də başa düşüləndi . Axı bu hakimiyətin bərqərar olmasında S.Hüseynovun əvəzsiz xidmətləri olmuşdu…
Bütün bunları bu gün hər bir kəlbəcərli xatırlayır. Sadəcə, onları rayonun işğal tarixlərində efirlərə çıxarıb yalan danışmağa vadar edirlər. Yəni şerlərimin birində dediyim –“Kiminə yağlı tikə, Kiminə dərd-qəm Qarabağ”. Bu yağlı tikəni əllərindən buraxmayanları torpaqların azad olunması o qədər də düşündürmür. Kimisə asdırıb-kəsdirirlər, kimisə təriflədirlər. Təəssüflər olsun ki, belə adamlara nəinki kəlbəcərlilər arasında, işğal olunmuş rayonlarımızın hər birində rast gəlmək olur. Bu insanları o vaxtkı icra başçılarını söydürməyə təhrif edib cəmiyyəti çaşdırırlar. Cəmiyyət isə fikirləşmir ki, müharibəni icra başçılarıyla deyil hərbi kontingetlərlə edirlər. Bu efirə çıxardılanlar da ağzları köpükləyə-köpükləyə ağına-bozuna baxmadan döşüyürlər onların ünvanlarına. Deyirəm, görəsən, hələ də torpaqların işğal olunması səbəbi kimlərəsə aydın deyil??? (A. D) Allah, sən saxla, nə qəribə məxluquq biz...
İşğalın ilk illərində bir neçə kəlbəcərlini telekanallara çıxarıb günahı o vaxtkı icra başçısı İlham Həsənovun boynuna "naçot" elədilər. Eyni ilə digər rayonların da işğal olunmasında icra başçılarını günahlandırdılar. Buradan belə nəticəyə gəlmək olur ki, torpaqları yuxarıda adını çəkdiyimiz düşmənlərimiz deyil, icra başçıları “təhvil veriblər”. Bu biabırçılığa heç olmasa indi son qoymaq lazımdır... Beləliklə də ermənilərə haqq qazandırmış oluruq.
Bu gün heç kim dilinə gətirmir ki, Laçının işğalından sonra Kəlbəcər düz bir il, üç tərəfdən
mühasirədə qaldı. Rayona gediş-gəliş Murovdağ aşırımından açılan dar bir cığırla tənzimləndi. Buna baxmayaraq, kəlbəcərlilər xəyanətə qədər torpaqlarına düşmən ayağının dəyməsinə imkan vermədilər. Paytaxtdan 450 km, ən yaxın rayonlarımızdan isə 150-160 km məsafədə yerləşən Kəlbəcərə hərbi kömək etmək, digər regionlarımıza nisbətən çox çətin idi. Buna baxmayaraq, mərd oğullarımız qanları bahasına rayonu müdafiə edə bilirdilər. Ta o vaxta qədər ki, "Səhl Sumbatlar" bıçağı arxadan kəlbəcərlilərin kürəyinə sapladılar... Üç günün içərisində 60 min əhali ayaqyalın-başaçıq qarlı Murov dağına tərəf qaçmağa məcbur oldu. Bu insanlardan bir çoxu qarlı Murovdağ aşrımında qırıldılar, düşmən əlinə keçməkdən namusunu qoruyan onlarla qız-gəlin ələ-ələ tütub özlərini Tərtər çayına atıb boğdular. Namus-qeyrətiylə hər kəsə örnək ola biləcək qız-gəlinlərimiz pak adlarını mərdliklə qoruyub tarix yazdılar. Beləliklə Qədim insan məskənlərini və alban-türk tarixini özündə yaşadan Kəlbəcər düşmən əlinə keçdi...
Təəssüflər olsun ki, bir dəfə belə ayağı Kəlbəcərə dəyməyən "ziyalılar" var ki, işğal günlərinin yad edilməsi zamanı ekranlardan həqarətlər yağdırır, kəlbəcərlilərin torpağı "qoyub qaçdıqlarını" iddia edirlər. Bir qədər də qabağa gedib Kəlbəcəri kiçik bir dəstə ilə qorumağın mümkünlüyündən danışırlar. Müharibədən başı çıxmayan belə zavallılar əslində özlərini gülünc obyektinə çevirməklə, yaltaqlıqlarını sığortalamaq istəyirlər. Həmin şəxslərə üzümü tutub deyirəm. Kəlbəcər coğrafi məkanına görə ermənilərin əhatəsində yerləşməklə yanaşı, həm də mərkəzdən 450 km aralıdadı. Külli Azərbaycan isə Şuşaya, Laçına, Xocalıya və digər işğal olunmuş ərazilərimizə Kəlbəcərə nisbətən həm yaxın, həm də birbaşa qapısı vardı. Bəs elə isə niyə bu rayonların düşmən əlinə keçməsinin qarşısı alınmadı? Deməli, həqiqət kiminsə torpağı qoyub qaçmasında yox, ordusu olmayan bir ölkəyə birləşmiş düşmən qüvvələrinin basqınıdır. Sadəcə, bu müharibədə güc nisbətləri fərqli olduğundan uduzduq. Əsas səbəb isə, əsrlərdən bəri sərvətimizdə və coğrafi məkanımızda gözü olan rus imperiyasının düşmənçiliyi, fars iştahası, erməni xislətidir ki, bundan da hamımızın az da olsa xəbəri var. O da məlumdur ki, 1988-ci ildən bu günümüzə qədərki faciələrin kökündə yuxarıdakı amillərlə yanaşı, xəyanət də var. Bu xəyanəti yəqin ki, zamanında tarix deyəcəkdi...

Bu gün torpaqların işğalıyla bağlı danışarkən gəlişigözəl nitqlər söyləməkdənsə, səfərbər olub ayağa qalxmaq lazımdır. Bu vaxtın gecikməsi heç də xeyrimizə deyil. Nə qədər ki, bunu başa düşməyəcəyik, beynəlxalq aləm də bizi başa düşməyəcək. Bu gün rayonların işğal tarixlərini televiziya ekranlarında 2-3 dəqiqəlik qısa süjetlərlə verməkdənsə, bu ərazilərin hər biri haqda ayrılıqda filmlər çəkilməlidir. Əks halda, Qarabağsız doğulanlarımızda ətraflı təsəvvürlər yaranmayacaq. Bu, olsa-olsa süni vətənpərvərlik olacaq ki, onun da ömrü üfürülmüş şar ömründən uzağa getməyəcək.

Rayonlarımıza dəymiş maddi zərər o vaxtın təqribi hesablamaları ilə aparıldığından mövcud gəncliyimizin bundan xəbəri yoxdu. Belə statistika ərazilərimizə dəymiş ziyanın miqyasını kiçildir. Təkcə bu 20 ildə Kəlbəcərdən daşınan yeraltı faydalı sərvətlərimiz olan civə, qızıl, mərmər yataqlarıyla yanaşı istisu, qiymətli ağac materialları itirdiklərimizdən qat-qat çoxdur. Deməli, Kəlbəcərə dəymiş maddi ziyan milyardlarla deyil, triliyonlarladı ki, bunu ermənilər özlərini satışa çıxarsalar da verə bilməyəcəklər. Sərvətlərimizin tamamilə məhv olmaması üçün orduya hücum əmri verilməlidir. Bu əmrin vaxtı gecikdikcə nəinki Kəlbəcərə, ümumiyyətlə, Qarabağa, Göyçəyə qayıtmaq istəyənlər tükənəcəklər. Bu da nəticədə torpaqlarla birdəfəlik vidalaşmağa şərait yaradacaqdı. Nə qədər gec deyil, torpaqlarımızı azad etmək üçün döyüşə atılmalıyıq, nəinki dəsmal əlimizdə göz yaşlarımızı silməliyik...
Heç kəsə sirr deyil ki, Suriyadan, Livandan, İraqdan və digərdövlətlərdən minlərlə erməni ailələri Laçına, Kəlbəcərə köçürülürlər. Bununla bağlı ölkə mətbuatı illərlədi ki, yazılar günəmə gətirib, təhlillər aparırlar. Artıq Qafqazda “Gənc PKK”çılar özəyinin yaradılması heç kəsdə sirr deyil. Bu Azərbaycandada açıq şəkildə nümayiş etdirilir. Gənclərin milli dövlətimizə sayğsızlıq göstərib avtomobillərinin nömrə nişanları yerinə “biz kürdük” şüarları yazıb sağa-sola hərəkət etmələri yəqin ki, unudulmayıbdı. Eyni ilə İrəvanda Şaumyan adına meydana toplaşan 200- dək kürd adından Türkiyə hökumətinin ünvanına, "bu ölkədə kürd xalqına qarşı qətliama son qoymaq, kürd məsələsini beynəlxalq qanunlara uyğun, dinc yolla həll etmək" haqqında çağırışlar da edilmişdi.
Stepan Şaumyan adına meydana toplaşan kürd icması nümayəndələrindən biri toplantının məqsədinin "Turkiyəli soydaşlarının tapdanmış haqlarının müdafiəsinə yönəlmiş mübarizəsinə həmrəylik bildirmək və Kürd Fəhlə Partiyasının 25-illiyini qeyd etmək" olduğunu bildirmişdilər. Eyni ilə meydanda ötən 25 il ərzində tərəflərin böyük itkilər verdiyini deyən ermənistan kürd icmasının rəhbəri Knyaz Həsənov, "kürdlərin yenilməz iradəsi Türkiyə hökumətini kürdlərlə danışıqlar aparmağa və kürd məsələsinin sülh yolu ilə həllindən söz açmağa məcbur edəcəkdi". “Türkiyə bizim dilimizi, mədəniyyətimizi tanımaqla yanaşı, ermənilərin soyqırımını da tanınmalıdı” demişdi. Bu gün nəticə göz qabağındadı. Abdulla Öcalanla danışıq və Türkiyənin kompramisə getməsi. “Onların bizi, bizim onları görməyə gözümüz yoxdur" deyən kürd liderlərindən biri Knyazın silahlılarının kəlbəcərdə Laçında yerləşdirilməsi bəlkə elə Türkiyəni də təmin edir. Ən əsası hökumətin başı bu silahlılarla davadan bir qədər səngiyir.
Məlum Qarabağ hadisələri vaxtı Ermənistanın Amo rayonundakı Zovuni kəndində xeyli sayda Yezidi kürd ailələri qalıb yaşayırdılar. Bu gün həmin ailələr Dağlıq Qarabağa köçməyə başlayıblar. Onlar Kəlbəcər rayonunda "Nov Amo", yəni "Yeni Amo" kəndini salıblar. Bu icmanın başçısı sayılan Kyalaş Avdalyanın yaydığı məlumata görə, artıq Kəlbəcərdə özlərini çox sərbəst ifadə edirlər. əsasən maldarlıqla məşğul olan bu toplumun geniş ərazilərdə mal-qoyun sürülərini bəsləmələri üçün şəratin yetərli olduğu da məlumdu. Burada məskunlaşan kürdlər təlimatlandırılaraq guya Ermənistan rəhbərliyinin onlara qarşı laqeyd davranmasına görə onlar bu ərazilərə köçüblər. Nəzərə alsaq ki, onların hal-hazırda yaşadıqları ərazilər də ermənilərin nəzarətindədi, onda hansı diskriminasiyadan danışmaq olar. Onlar bir qədər də qabağa gedib beynəlxalq birlikləri çaşdırmaq üçün deyirlər. Sitat;
"40 ildi ki, problemlərimiz davam edir. Hakimiyyətlər dəyişir, rəhbərlər gəlir-gedir, amma dərdlərimizə çarə edən tapılmır. Buna görə də kəndi tərk edərək Dağlıq Qarabağa köçmək qərarına gəlmişik. Ora da əslində Ermənistanın nəzarətində olan ərazidir, amma düşünürük ki, qarabağlı ermənilər bizə problemlər yaratmazlar", - Draşar Tatursi bildirib.
3,2 milyon əhalisi olan Ermənistanda 40 min yezidi kürd yaşayır və yezidi icmasının sayı baxımından qonşu ölkə hətta həmin kürdlərin vətəni olan İraqı da geridə qoyub.
İblisə sitayiş edərək özlərini "şərfədin" adlandıran yezidi kürdlərin Dağlıq Qarabağa köçünə gəldikdə isə, onlar ilk əvvəl Şuşada məskunlaşmaq istəyiblər.
Hətta 5 ailə "kəşfiyyat" məqsədilə Şuşaya da gedib.
Dağlıq Qarabağdakı separatçı rejim nəzarətdə saxladığı ərazilərdə kürdlərin kompakt yaşadığı məkanın yaranmasının gələcəkdə "biçarə haylara nə kimi problemlər yarada biləcəyini anladığından, Şuşanın qapılarını kürdlərin üzlərinə bağlayıb.

Zovunili kürdlər daha sonra Hadrut, Ağdərə, Laçın, Zəngilan rayonlarını seçsələr də, hələlik mədəni şəkildə rədd cavabı alıblar və sonda Kəlbəcərdə qərarlaşıblar.
Xankəndidəki rejimə isə Kəlbəcərin ucqar kəndlərində yezidi kürdlərin məskunlaşması bir çox baxımdan sərfəlidir.

Əvvəla, Kəlbəcər işğal ediləndən bəri həmin kəndlərdə ermənilər məskunlaşmayıblar və ən yaxşı halda oralarda hərbi postlar olub. Yezidi kürdlərin həmin məkanlara köçmələri isə rayonun indi qurdlar ulayan ərazilərinin canlanması deməkdir.

Bundan başqa, yezidi kürdlərin Kəlbəcərə köçü həm də "iqtisadi baxımdan" qarabağlı ermənilərin başağrısı olan, daima dotasiyalar hesabına yaşayan və sakinləri, yəni işğaldan sonrakı ermənilərinin sayı çox az olan rayonda yerli təsərrüfatla iqtisadiyyatın inkişafına təkan verə bilər.
Xankəndidəki separatçı rejimin mənsubları ilə Ermənistan Yezidi Kürd Cəmiyyətinin lideri Həsən Tamoyan arasında aparılan danışıqlara görə, qarabağlı haylar Kəlbəcərə köçərək orada məskunlaşacaq yezidi kürdlər üçün məktəblər, uşaq bağçaları və poliklinikaya qədər hər şeyi vəd ediblər.
Son zamanlar İraqın şimalındakı uydurma Kürdüstan Muxtariyyətinə daxil olan şəhərlərdə yaşayan ermənilər də Ermənistan vətəndaşlığını qəbul ediblər. Onların sayı ən azından 10 min nəfərdir. Türkiyə, Suriya kimi dövlətlərdə müxtəlif cinayətlər törətmiş, terrorçu birliklərdə təmsil olunan və yaşadıqları dövlətə xəyanət etmiş minlərlə kürdlər son 15 ildə Ermənistan vətəndaşlığını qəbul ediblər. İndi Ermənistan hökuməti bu erməni və kürd vətəndaşlarından istifadə edərək Urmu vilayətində çox böyük bir silah bazarı yaradıblar. Bu silah qaçaqmalçılığından hər il orta hesabla Ermənistanın dövlət büdcəsinə 2 milyard dollar vəsait daxil olur. Bundan əlavə Ermənistanda iqtidarda olan hərbi xuntanın rəhbərlərinin şəxsi cibinə isə ən azından milyardlarla dollar vəsait axır.
Ermənistan vətəndaşlığını qəbul etmiş kürdlər və ermənilər, eyni zamanda Pakistan, Hindistan və digər dövlətlərdəki terrorçu təşkilatları silahlandırmaqla məşğuldurlar. Ermənistan ordusunda toplam 60 min nəfər xidmət etdiyi halda, bu dövlətin silah ehtiyatları ordunun sayından 15 dəfə artıqdır. Deməli, ordunun silahla təmin edilməsi siyasətinın ardında Orta Şərqdəki radikal terrorizmin silahlandırılması və bunun müqabilində böyük pulların qazanılması durur. Bu arada ABŞ-da fəaliyyət göstərən Amerika-Kürd İnformasiya Şəbəkəsinin internet saytından əldə etdiyimiz son məlumatda bildirilib ki, şəbəkənin xətti ilə bir qrup kürd Dağlıq Qarabağa göndərilib. Səfər "Manukyan Simon" Fondunun maliyyə dəstəyi ilə gerçəkləşdirilib. Məqsəd Ermənistan-Kürd Beynəlxalq Təşkilatının Dağlıq Qarabağ ofisinin açılışında iştirak etməkdir. Qrupa Əli Midhət adlı kürd rəhbərlik edib. Şuşada onları 1992-ci ildə Livandan Dağlıq Qarabağa gəlmiş 32 yaşlı Danelyan qarşılayıb. Bu xəbər isə "DQR"in internet saytında verilib. PKK-ASALA bu gün dünyanın terror məkanında mövqelərini möhkəmləndirmək və türklərə qarşı təxribatlar hazırlamaq məqsədilə səylərini birləşdiriblər. İraqda aparılan müharibə başa çatdıqdan sonra bu proses daha da sürətlənib.
Türkiyə və Azərbaycana düşmən kəsilən dövlətlərdə məskunlaşan PKK-çılar bu ərazilərdən "hücum" planları üzərində işləyirlər. Bu faktı separatçıların özləri də etiraf ediblər. Bir vaxtlar "Media TV" telekanalına müsahibə verən Abdulla Öcalanın Tehranda yaşayan qardaşı Hüseyn Öcalan PKK-nın dünyanın 26 ölkəsində dayaqları olduğunu iddia edib. O həmçinin Ermənistanda siyasi, iqtisadi, ideoloji "klinikalar"ın olduğu faktını da söyləyib. 2001-ci il noyabrın 17-də Texas ştatında, dekabrın 9-da isə Parisdə Kürd-Erməni Strateji Araşdırma İnstitutunun təşkil olunması buna əsas verir. Yəqin ki, Azərbaycan da bundan xali deyil.

Fransada çap olunan "Bülleten-Paris" adlı məlumat kitabçasında ("Kürdlərin Paris bülleteni") Parisdə kürd diasporunun tanınmış siyasi liderlərindən biri Əhməd Alim göstərir: "Yaratdığımız mərkəz əsasən MDB çərçivəsində məişət, siyasi, ictimai, hərbi durum haqqında strateji məlumat bazasıdır. Artıq mərkəzin İrəvan, Astana, Moskva ilə güclü informasiya əlaqələri var". Hətta "Kürd günləri" konfransında çıxış edən ekspert Lətif Cinqelli çıxışında Qafqazdakı KİV-də çalışan əlaqələndiricilərinin sayının 26 nəfərdən 37 nəfərə çatdığı faktını da söyləyib. "Kürdüstan" agentliyinin Bağdad bürosunun açıqlamasına görə, MDB çərçivəsində, əsasən də Qafqazda "Gənc PKK-çılar"ın özəkləri yaranmaqdadır.

Göründüyü kimi mətbuatın yazdıqları ondan xəbər verir ki, artıq torpaqların müharibə yoluyla azad olması da hələ o qədər asan məsələ deyil. Bu vaxt uzandıqca düşmənlər işğal olunmuş ərazilərimizdə güclənməklə torpaqların azad olmasının mümkünsüzlüyü görüntüsünü yaradır. Qalır milli birliyə nail olub Türkiyə ilə hərbi ittifaqın yaradılmasına nail olmaqla beynəlxalq aləmdə siyasi üstünlüyü ələ almağımıza. Görən edə biləcəyikmi???

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı