Məşhur kardioloq Elizabet Klodas qandakı “pis xolesterin”in səviyyəsini aşağı salan ən yaxşı beş qidanın adını çəkib.
Modern.az-ın məlumatına görə, kardioloqun şərhi CNBC telekanalında yayımlanıb.
Mütəxəssisin fikrincə, xolesterinin aşağı salınmasında irəliləyiş görmək üçün ciddi pəhriz saxlamaq lazım deyil. "Pis xolesterin”in səviyyəsini əhəmiyyətli dərəcədə azaltmağa nail olmaq üçün pəhrizi bir sıra qidalarla əvəzləmək lazımdır.
Belə yeməklərdən biri də yulaf əzməsidir. Yulaf həzm sistemi tərəfindən udulan xolesterinin miqdarını azaldan liflə zəngindir. Aparılan araşdırma nəticəsində məlum olub ki, gündə 10 qram lif istehlak etmək infarkt riskini 14% azalda bilər.
Xolesterini azaltmaq üçün digər faydalı məhsul badamdır. Lazım gələrsə, badamı fındıq, qoz, püstə ilə əvəz etmək olar.
Çia toxumları omeqa-3 yağ turşuları sayəsində ürək-damar xəstəlikləri riskini 16% azalda bilər. Bu turşular “pis xolesterin”in səviyyəsinə nisbətən az təsir göstərsə də, “yaxşı xolesterin”i yüksəltməyə kömək edir.
Tərəvəzlərin müntəzəm istehlakı da damar sağlamlığına və xolesterinin səviyyəsinə faydalı təsir göstərir. Mütəxəssis xüsusilə brokoli, ispanaq, Brüssel kələmi yeməyi məsləhət görür.
Qarpız da xolesterini azaltmağa kömək edə bilər. Onun tərkibində xolesterinin səviyyəsinə təsir edən likopen var. Qarpızı alma, üzüm, çiyələk, sitrus meyvələri və ya avokado ilə də əvəz etmək olar.