“Prezident İlham Əliyevin Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasiminə dəvət olunması dinamik inkişaf edən, mühüm beynəlxalq layihələrin müəllifi və təşəbbüskarı olan ölkəmizin dünya miqyasında artan nüfuzunun göstəricisidir. Əbu-Dabi Dayanıqlılıq Həftəsi dünyanın dayanıqlı inkişafının sürətləndirilməsini hədəfləyən beynəlxalq platformadır. Dayanıqlılıq Həftəsi bu məqsədə çatmaq üçün öz proqramını qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, eləcə də innovasiya üzrə həyata keçirir. Bu mötəbər beynəlxalq tədbirdə enerji məsələləri müzakirə olunur. Azərbaycan da platforma çərçivəsində öz imkanlarını dünyaya təqdim edir”.
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Fatma Yıldırım deyib.
Deputat bildirib ki, Azərbaycanın xarici siyasətində ərəb dövlətləri ilə əməkdaşlıq mühüm yer tutur: "Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşündə də iki dövlətin siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə sıx əməkdaşlıq həyata keçirildiyi vurğulanıb. Bir vacib məqamı vurğulamaq yerinə düşər ki, ötən ilin dekabrında BMT Təhlükəsizlik Şurasında Ermənistan və Fransa Azərbaycana qarşı məkrli plan hazırlamışdı. Onlar təşkilatın ölkəmizin əleyhinə bir sənədin qəbul edilməsinə cəhd göstərmişdilər. Amma o zaman təşkilata qeyri-daimi üzv olan Birləşmiş Ərəb Əmirlikləri də belə bir cəhdin qarşısının alınmasında aktivlik göstərdi, fəal iştirak etdi. Prezident İlham Əliyev görüşdə bu məsələyə toxunaraq Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini, bunun dostluğun və qardaşlığın nümunəsi olduğunu vurğulayıb".
Millət vəkilinin sözlərinə görə, 2008-ci ildə təsis olunan Əbu-Dabi Dayanıqlılıq Həftəsi planetimizin gələcəyində payı olan dövlət və hökumət başçılarını, siyasətçiləri, sənaye liderlərini, sərmayəçiləri, iş adamlarını və gəncləri aktual məsələlərin müzakirəsi üçün bir araya gətirir. Budəfəki Dayanıqlılıq Həftəsində dünyanın 150 ölkəsindən 30 minədək nümayəndə iştirak edir. Zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu sahədə imkanlarını daha da şaxələndirir və elektrik enerjisi, əsasən, yaşıl enerjinin önəmli təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın 200 qiqavata yaxın bərpaolunan enerji potensialı ölkəmizi dünyanın diqqət mərkəzinə çevirib. 2023-cü ildə Əbu-Dabi Davamlılıq Həftəsi BƏƏ-nin İqlim Fəaliyyəti ilində ilk Yaşıl Hidrogen Sammitinə də ev sahibliyi edəcək.
Fatma Yıldırım qeyd edib ki, Prezident İlham Əliyev Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışında çıxışı zamanı ölkəmizin enerji siyasəti haqqında ətraflı məlumat verdi, eləcə də bu sahədə ölkəmizin imkanlarını təqdim etdi. Eləcə də, bu istiqamətdə ərəb şirkətləri əməkdaşlıq məsələləri vurğulanıb:
"Məlumdur ki, 2021-ci ilin aprel ayında Azərbaycan Energetika Nazirliyi və “Azərenerji” ASC ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında 230 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb. İlkin hesablamalara əsasən, stansiya tərəfindən illik 500 milyon kVt/st elektrik enerjisi istehsal olunacaq. Bu isə ildə 110 milyon kubmetr təbii qaza qənaət etməyə, 200 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını almağa və 110 min evi elektrik enerjisi ilə təmin etməyə imkan verəcək. Layihənin ümumi dəyəri təqribən 200 milyon ABŞ dolları təşkil edir və tam olaraq xarici investisiya hesabına həyata keçirilməsi nəzərdə tutulub. Ötən il martın 15-də isə Bakıda “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa edilən 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Təməlqoyma mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, BƏƏ tərəfindən isə energetika və infrastruktur naziri Suhail Əl-Mazrui, “Masdar” şirkətinin baş icraçı direktoru Mohamad Əl Ramahi iştirak ediblər. Həmçinin, ötən il iyunun 4-də Bakı Enerji Həftəsinin Şuşa şəhərində keçirilmiş xüsusi sessiya çərçivəsində tərəflər arasında “Azərbaycan Respublikasında quruda sənaye miqyaslı 1 QVt gücündə günəş və 1 QVt gücündə külək enerjisi layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı icra müqaviləsi” və “Dənizdə 2 QVt gücündə inteqrasiya edilmiş külək və yaşıl hidrogen layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı icra müqaviləsi” imzalanıb. Bütün bunlar enerji sahəsində iki ölkənin davamlı əməkdaşlığının inkişaf etdiyini təsdiqləyir".