Şərqi Zəngəzur və Qarabağda mineral xammal ehtiyatlarının qiymətləndirilməsi işləri başa çatmaq üzrədir. Dəymiş ziyanın müəyyənləşdirilməsi gələcəkdə hüquqi təzminat davasının açılmasına xidmət edəcək.
Modern.az xəbər verir ki, bunu Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev yanvarın 17-də keçirilən mətbuat konfransında deyib.
"Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına “Böyük Qayıdış”la bağlı təsdiq edilmiş Tədbirlər Planına əsasən Agentlik faydalı qazıntı yataqlarının istifadəyə verilməsi və yer təkinin mühafizəsinin təmin edilməsi ilə bağlı işləri həyata keçirəcək. İlkin mərhələdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yenidənqurma və bərpa ilə bağlı tikinti layihələrinin həyata keçirilməsi üçün həmin ərazilərdə yerləşən ümumi yayılmış faydalı qazıntı yataqlarından istifadə edilməsinə icazələrin verilməsi nəzərdə tutulur" - deyə o qeyd edib.