“Bu il də qrant müsabiqələrinin keçirilməsi, müxtəlif beynəlxalq tədbirlərin təşkili, bərpa, quruculuq və Böyük Qayıdış prosesində vətəndaş cəmiyyəti təşəbbüslərinin dəstəklənməsi, dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi, ictimai nəzarətin təşviqi və digər fəaliyyətlərin icrası hədəflənir”.
Modern.az xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib.
O deyib ki, yaxın günlərdə “Heydər Əliyev İli” ilə bağlı qrant müsabiqəsinin elanı nəzərdə tutulub.
“Bundan başqa, bu il qeyri-hökumət təşkilatları üçün göstərilən bütün xidmətlərin keyfiyyətinin daha da artırılması, eləcə də saytımızın və digər elektron xidmətlərin istifadəyə verilməsini planlaşdırırıq.
Sözsüz ki, qeyri-hökumət təşkilatlarının mütəmadi əsasda bilik və bacarıqlarının artırılması istiqamətində proqramların həyata keçirilməsi də əsas hədəflərimizdəndir. Bu xüsusda həm Bakı şəhərində, həm də regionlarda QHT təmsilçiləri üçün professional təlimlərin keçirilməsi, onlara metodiki dəstəyin göstərilməsi, habelə ötən il olduğu kimi regionların birində QHT-lərin II İnkişaf və Mübadilə Proqramının reallaşdırılması nəzərdə tutulur”, - A.Əliyeva əlavə edib.