Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, aidiyyəti tənzimləyici qurumlar və dövlət müəssisələrinin nümayəndələrinin iştirakı ilə Azərbaycan və Beynəlxalq Nəqliyyat Forumu (BNF) arasında əməkdaşlığa həsr olunan məlumat sessiyası keçirilib.
Modern.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev çıxışında bildirib ki, Azərbaycanın 2025 – 2026-cı illər üzrə BNF-yə sədrliyi ölkəmizin qlobal nəqliyyat siyasətinə aktiv töhfə verdiyini nümayiş etdirir. BNF ilə əməkdaşlıq çərçivəsində Azərbaycan həm beynəlxalq təcrübə və analitik alətlərdən faydalanır, həm də rəqəmsallaşma, nəqliyyatın idarə edilməsi və infrastrukturun inkişafı sahəsində təcrübəsini bölüşür.
BNF-nin İnstitusional əlaqələr və sammit üzrə rəhbəri Mary Crass Azərbaycanın yalnız iştirakçı kimi deyil, həm də təşəbbüskar və lider tərəfdaş kimi nümunəvi mövqe nümayiş etdirdiyini deyib. Bildirib ki, sədrlik çərçivəsində müəyyənləşdirilən prioritetlər artıq konkret addımlara və real nəticələrə çevrilir.
Sessiya çərçivəsində BNF-nin fəaliyyət istiqamətləri və əməkdaşlıq imkanları barədə məlumat verilib. Həmçinin Azərbaycanın aidiyyəti qurumlarının BNF-nin tədqiqat layihələrinə qoşulması, məlumat və təcrübə mübadiləsi, ekspert müzakirələrində iştirakı kimi konkret istiqamətlər xüsusi vurğulanıb.
Tədbirdə, həmçinin Azərbaycanın sədrliyi çərçivəsində formalaşmış müsbət dinamikanın qorunması və milli qurumlar arasında koordinasiyanın daha da gücləndirilməsinin vacibliyi qeyd olunub.