İsrailin Baş naziri Benyamin Netanyahunun ata xətti üzrə Y-DNT analizinin nəticələri açıqlanıb. Qardaşı İdo və oğlu Yair Netanyahudan alınan nümunələr onların R1a haploqrupunun Y2619 subkladına aid olduğunu göstərib.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan DNT layihəsinin admini, genetik-tədqiqatçı Orxan Xansuvar məlumat verib.
Tədqiqatçının sözlərinə görə, Netanyahunun soyu təxminən 750-ci ildə ata xətti ilə Polşa yəhudiləri (aşkenazilər) ilə birləşir:
"R-Y2619 variasiyası təxminən 2900 il əvvəl yaranıb və Levi mənşəli aşkenazi kişilərinin yarıya yaxınında rast gəlinir. Bu qol dünya miqyasında yəhudi olmayan əhali arasında tapılmayıb. Ən yaxın genetik qohumluq əlaqələri Son Tunc dövrünə aid olmaqla hazırda İranda qeydə alınır, bu baxımdan subklad daha çox İran mənşəli sayılır".
Tədqiqatçı qeyd edib ki, Netanyahunun babası Natan Mileykovski Rusiya İmperiyasında (hazırkı Belarus) anadan olmuş məşhur ravvin və yazıçı idi. Digər maraqlı fakt isə odur ki, İsrailin keçmiş prezidenti Xaim Herzoq da bu subkladı daşıyır. Herzoq 1983-cü ildən 1993-cü ilə qədər İsrail prezidenti vəzifəsində çalışmış irlandiyalı - israilli siyasətçi, hərbi zabit, hüquqşünas və yazıçı idi.
Töhfə Səməd