2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş dövlət arasında münasibətlərin tarixində yeni mərhələnin başlanğıcı oldu.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan bu sənəd yalnız siyasi və hərbi əməkdaşlığın deyil, həm də iqtisadi inteqrasiyanın, regional inkişafın və yeni geoiqtisadi reallıqların hüquqi-siyasi əsasını formalaşdırdı.
Prezident cənab İlham Əliyevin vurğuladığı kimi, Şuşa Bəyannaməsi tarixi köklərə, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipinə əsaslanır. Bu baxımdan sənəd yalnız dövlətlərarası münasibətlərin deyil, eyni zamanda ortaq tarixə, milli maraqlara və gələcək inkişaf strategiyasına söykənən müttəfiqliyin təzahürüdür.
Şuşa Bəyannaməsi çox vaxt hərbi-siyasi aspektlərdən qiymətləndirilsə də, sənədin ən mühüm istiqamətlərindən biri iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və regional inteqrasiyanın sürətləndirilməsidir. Müttəfiqlik münasibətlərinin hüquqi çərçivəyə salınması iki ölkə arasında investisiya axınının artmasına, yeni iqtisadi layihələrin reallaşmasına və ticarət əlaqələrinin genişlənməsinə əlavə zəmin yaradıb.
Bu gün Azərbaycan və Türkiyə regionun ən mühüm enerji, nəqliyyat və logistika tərəfdaşları kimi çıxış edirlər. Bakı-Tbilisi-Ceyhan neft kəməri, TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu kimi strateji layihələr artıq Avrasiyanın enerji və nəqliyyat xəritəsini dəyişdirən təşəbbüslər sırasındadır. Şuşa Bəyannaməsi isə bu əməkdaşlığı daha yüksək səviyyəyə qaldıraraq yeni layihələrin həyata keçirilməsini təşviq edir.
44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni regional reallıqlar Şuşa Bəyannaməsində də öz əksini tapıb. Bu kontekstdə Zəngəzur dəhlizi xüsusi əhəmiyyət daşıyır. Dəhliz Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirməklə yanaşı, Türkiyə ilə Azərbaycan arasında birbaşa quru bağlantısı yaradacaq.
Bu layihə təkcə iki ölkənin maraqlarına xidmət etmir. Zəngəzur dəhlizi Orta Dəhlizin mühüm elementi kimi Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa arasında yükdaşımaların həcmini artırmaq potensialına malikdir. Xüsusilə Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinin həyata keçirilməsi regionun tranzit imkanlarını genişləndirəcək, logistika xərclərini azaldacaq və beynəlxalq ticarətin sürətlənməsinə töhfə verəcək.
Müasir geoiqtisadi proseslər fonunda nəqliyyat dəhlizləri yalnız iqtisadi deyil, həm də siyasi təsir alətinə çevrilir. Bu baxımdan Azərbaycan və Türkiyənin birgə təşəbbüsləri Avrasiya məkanında yeni iqtisadi mərkəzlərin formalaşmasına xidmət edir.
Şuşa Bəyannaməsinin iqtisadi baxımdan mühüm müddəalarından biri qarşılıqlı investisiyaların təşviq edilməsidir. Son illərdə Türkiyə Azərbaycanın qeyri-neft sektoruna ən çox investisiya yatıran ölkələrdən biri kimi çıxış edir. Eyni zamanda Azərbaycan da Türkiyə iqtisadiyyatına milyardlarla dollar sərmayə qoyaraq qardaş ölkənin ən böyük xarici investorlarından birinə çevrilib.
Bu investisiyalar enerji, sənaye, logistika, kənd təsərrüfatı, tikinti və xidmət sektorlarında yeni imkanlar yaradır. Qarşılıqlı kapital axını iqtisadiyyatların şaxələndirilməsinə, yeni iş yerlərinin yaradılmasına və regional rəqabət qabiliyyətinin yüksəlməsinə xidmət edir.
Şuşa Bəyannaməsi həmçinin milli iqtisadiyyatların ixrac potensialının artırılması, ticarət dövriyyəsinin genişləndirilməsi və iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. İşğaldan azad olunmuş ərazilərin bərpası prosesində Türkiyə şirkətlərinin fəal iştirakı Şuşa Bəyannaməsinin praktik nəticələrindən biridir.
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri, yolların, tunellərin, hava limanlarının, enerji və kommunal sistemlərin qurulması Türkiyə-Azərbaycan əməkdaşlığının real göstəricisidir. Şuşanın və ətraf bölgələrin turizm potensialı da iqtisadi inkişafın yeni istiqamətlərini formalaşdırır.
Gələcəkdə bu ərazilərin regional turizm mərkəzinə çevrilməsi, yeni investisiyaların cəlb olunması və xidmət sektorunun genişlənməsi gözlənilir. Beynəlxalq təcrübə göstərir ki, davamlı iqtisadi inkişafın əsas şərtlərindən biri təhlükəsizlikdir.
Şuşa Bəyannaməsində müdafiə sahəsində əməkdaşlığın ayrıca yer tutması da bu reallıqdan irəli gəlir. Azərbaycanın və Türkiyənin müdafiə sənayesi sahəsində əməkdaşlığı, hərbi texnologiyaların inkişafı və təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi regionda sabitliyə xidmət edir.
Sabitlik isə öz növbəsində xarici investorlar üçün əlverişli mühit yaradır, uzunmüddətli iqtisadi layihələrin həyata keçirilməsinə şərait formalaşdırır və biznes risklərini minimuma endirir.
Şuşa Bəyannaməsi yalnız ikitərəfli sənəd deyil. Bu sənəd Türk dünyasında inteqrasiya proseslərini sürətləndirən, regional əməkdaşlığı dərinləşdirən və yeni iqtisadi platformaların formalaşmasına təkan verən strateji yol xəritəsidir.
Azərbaycan və Türkiyənin koordinasiyalı xarici siyasəti, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi və birgə təşəbbüsləri hər iki ölkənin qlobal nüfuzunu artırır. Xüsusilə Türk Dövlətləri Təşkilatının inkişafı, Orta Dəhliz layihəsinin genişlənməsi və enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq Şuşa Bəyannaməsinin beynəlxalq əhəmiyyətini daha da artırır.
Hesab edirəm ki, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin zirvə nöqtəsini ifadə edən tarixi sənəd olmaqla yanaşı, yeni geoiqtisadi reallıqların əsasını təşkil edən strateji platformadır.
Bu sənəd iki qardaş ölkənin siyasi iradəsinin, iqtisadi maraqlarının və ortaq gələcək baxışının təcəssümüdür. Müttəfiqlik münasibətlərinin dərinləşməsi, nəqliyyat və enerji layihələrinin genişlənməsi, qarşılıqlı investisiyaların artması, Qarabağın bərpası və Türk dünyasının inteqrasiyası istiqamətində atılan addımlar göstərir ki, Şuşa Bəyannaməsi yalnız bugünün deyil, həm də gələcək onilliklərin inkişaf gündəliyini müəyyənləşdirən mühüm strateji sənəddir.
Azərbaycan və Türkiyənin iqtisadi gücünün birləşməsi isə regionda sülhün, sabitliyin və dayanıqlı inkişafın ən mühüm təminatlarından biri olaraq qalır.
Tahir Mirkişili
Milli Məclisin deputatı