Bu gün Azərbaycanın eks-prezidenti, milli azadlıq hərəkatının lideri, AXC-nin qurucularından biri Əbülfəz Elçibəyin 88 yaşı tamam olur.
Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 24 iyun 1938-ci ildə Naxçıvan MR-nin Ordubad rayonunun Kələki kəndində anadan olub.
Elçibəy 1988-91-ci illərdə Meydan hərəkatına rəhbərlik edib. 1992-ci ildə ölkənin ikinci prezidenti olub.
Milli Məclisin deputatları mərhum eks-prezidentin doğum günündə onunla bağlı fikirlərini saytımızla böülüşüblər.
Modern.az-a açıqlamasında Milli Məclisin komitə sədri, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa Elçibəyin doğum günü ilə bağlı bunları deyib:
“Bu gün böyük mücahid və dürüst Vətən övladı, dava öndərimiz Əbülfəz Elçibəyin doğum günüdür. Ruhu şad olsun!”
Milli Məclisin deputatı Əli Məsimli isə Elçibəyin doğum günü ilə bağlı bunları deyib: “Bu gün Azərbaycan milli azadlıq hərəkatının lideri, ömrünü Vətənin istiqlalına həsr edən, təmənnasız şəxsiyyət, eks-prezident Əbülfəz Elçibəyin doğum günüdür”.
Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatlarının Elçibəyin ad günü ilə əlaqədar fikirlərini öyrənməyə çalışdıq.
Elnarə Akimova qeyd edib ki, Əbülfəz Elçibəy Azərbaycan tarixində mübahisəsiz şəkildə mühüm yer tutan siyasi xadimlərdən biridir:
“O, sovet sisteminə milli azadlıq hərəkatının ön sıralarında dayanmış, müstəqillik ideyasının geniş kütlələr arasında yayılmasında və dövlət müstəqilliyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayıb. Azərbaycan cəmiyyətində ona münasibət fərqli ola bilər, lakin onun milli düşüncənin formalaşmasına və dövlətçilik tariximizə təsirini inkar etmək mümkün deyil. 1992–1993-cü illər isə ölkənin ən ağır və mürəkkəb dövrlərindən biri idi. Qarabağ müharibəsi, daxili siyasi qarşıdurmalar, iqtisadi böhran və dövlət idarəçiliyində yaşanan problemlər Azərbaycanı ciddi təhlükələrlə üz-üzə qoymuşdu. Məhz belə bir şəraitdə 1993-cü ilin hadisələri baş verdi və Heydər Əliyevin yox olmaq təhlükəsi ilə üz-üzə qalmış dövlətimizin başına keçmək məsələsini gündəmə gətirdi.
Bu məsələyə münasibətdə bir məqam xüsusilə vurğulanmalıdır: Əbülfəz Elçibəy sonrakı müsahibələrində dəfələrlə bildirirdi ki, Heydər Əliyevi hakimiyyətə şəxsən dəvət edən və ya onu təkbaşına hakimiyyətə gətirən şəxs olmayıb. Onun sözlərinə görə, Heydər Əliyevin Naxçıvandan Bakıya çağırılması ölkədə yaranmış ağır vəziyyət fonunda iqtidar komandasının, ziyalıların və cəmiyyətin müxtəlif təbəqələrinin tələbi əsasında formalaşmış ümumi siyasi qərar idi.
Bununla yanaşı, Elçibəy bəzi çıxışlarında etiraf edirdi ki, ölkənin vətəndaş qarşıdurmasına sürüklənməsinin qarşısını almaq üçün Heydər Əliyevin proseslərə qoşulmasına şərait yaradılıb və bu qərarın məsuliyyətində onun da payı var. O, açıq şəkildə qeyd edirdi ki, Heydər Əliyev 1993-cü ildə Azərbaycanın müstəqilliyini qoruyub saxladı, ölkənin parçalanmasının qarşısını aldı və dövlətçiliyin möhkəmlənməsində mühüm rol oynadı”.
E.Akimova vurğulayıb ki, Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə Əbülfəz Elçibəy haqqında heç vaxt təhqiramiz və ya alçaldıcı ifadələr işlətməyib:
“Tarixin maraqlı cəhətlərindən biri də budur ki, siyasi rəqiblər arasında belə qarşılıqlı hörmət nümunələri mövcud olub. Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə Əbülfəz Elçibəy haqqında heç vaxt təhqiramiz və ya alçaldıcı ifadələr işlətmədi. Əksinə, onun Azərbaycan dövlətçiliyindəki yerini etiraf etdi. Elçibəy vəfat etdikdə də dövlət səviyyəsində ona hörmət göstərildi.
Bu siyasi mədəniyyət sonrakı illərdə də davam etdi. Prezident İlham Əliyev dəfələrlə Elçibəyin ailəsinə diqqət və qayğı göstərib. Onun oğlu Ərturqut hazırda dövlət vəzifəsi daşıyır. Həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Əbülfəz Elçibəyin ailə evinin təmir olunması da dövlətin keçmiş prezidentə və onun ailəsinə göstərdiyi ehtiramın nümunəsi kimi qiymətləndirilə bilər.
Bu gün Əbülfəz Elçibəyin siyasi irsinə baxarkən onu nə idealizə etmək, nə də yalnız səhvləri üzərindən dəyərləndirmək doğru olardı. O, Azərbaycanın müstəqillik tarixinin simvolik fiqurlarından biri, Heydər Əliyev isə müstəqil Azərbaycan dövlətinin qurucusu və xilaskarı kimi tarixdə öz yerini tutub. Dövlətçilik baxımından ən vacib nəticə isə odur ki, ölkə ağır sınaqlardan keçərək müstəqilliyini qoruyub saxladı və inkişaf yoluna çıxdı. Tarix də məhz dövlətin və xalqın taleyi prizmasından qiymətləndirildikdə daha obyektiv görünür”.
Yeni Azərbaycan Partiyasından olan digər deputat Rövşən Muradov isə bir şəxsiyyət və alim kimi Elçibəyə yüksək münasibətinin olduğunu deyib:
“1988-ci ildən Azərbaycanda milli azadlıq hərəkatı başladı. Həmin dövrdən hərəkatın önündə gedən şəxslərdən biri, müstəqilliyimizi əldə etdikdən sonra ikinci prezidentimiz olub. Hərəkat xalqın azadlığı və birliyi baxımından yaxşı idi. Ancaq hər şey təkbaşına Elçibəydən asılı deyildi. O, komandası ilə birlikdə cəmi bir il hakimiyyətdə qala bildi. Bununla belə, Elçibəy bir sıra ilklərə də imza atıb. Xalq da onu dəstəkləyirdi. Sadəcə olaraq, elə bir dövr oldu ki, Elçibəy və Azərbaycan Xalq Cəbhəsi ölkəmizi tam surətdə idarə edə bilmirdi. Çünki həm təcrübələri yox idi, həm də problemlər çox idi. Əlaqələr kəsilmişdi, erməni separatçıları torpaqlarımızı işğal edirdi. Ona görə də biz həmişə 1993-cü ilin 15 iyununu-Heydər Əliyevin hakimiyyətə qayıdışını Qurtuluş günümüz kimi qəbul edirik. Elçibəy özü də hakimiyyəti ilə vətəndaş müharibəsindən və ölkəni parçalanmaqdan xilas etməyin mümkün olmadığını görürdü. Azərbaycanın parçalanmasını istəyən qüvvələr Elçibəyin təcrübəsizliyindən istifadə edib Azərbaycana qarşı müxtəlif addımlar atırdılar. Belə bir vəziyyətdə həm xalq, həm də Elçibəyin özü də başa düşdü ki, burada daha dərin dövlətçilik biliyinə və təcrübəyə malik Heydər Əliyevi dəvət etmək lazımdır ki, gəlib xalqı və dövləti düşdüyü çətin durumdan xilas etsin. Mən düşünürəm ki, Əbülfəz Elçibəy də istəməzdi ki, hakimiyyətə gələndə vəziyyət gərginləşsin. Hakimiyyətə xarici təhdidlər və daxili çəkişmələr Gəncə hadisələrinə gətirib çıxardı. Sonda bütün ziyalılar, ictimai xadimlər düşündülər ki, 1993-cü ilin iyun hadisələri nəticəsində yaranmış çətin durumdan Azərbaycanı mövcud iqtidarla çıxarmaq mümkün deyil. Heydər Əliyev gəldi, ölkə özünü dərk etməyə başladı, dövlətlərlə əlaqələr quruldu. Atəşkəs razılığı əldə olundu. Heydər Əliyevin hakimiyyətə gəlməsi təbii hal idi. Bu, belə olmalı idi. Allah bizə rəhm elədi ki, Heydər Əliyev gəldi və bizi bəlalardan qorudu. Elçibəyə bir insan, alim kimi münasibətim yüksəkdir. O, Vətən uğrunda çalışıb. Bu gün onun xatirəsi xalqımız tərəfindən yad olunur. Fəxri xiyabanda dəfn olunub, qəbri üzərinə əklil də qoyulur. Bir sözlə, Azərbaycanın ikinci prezidentidir, dolayısı ilə bizim tariximizdir”.