Sentyabrın 9-da Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimlərindən ibarət nümayəndə heyətinin Qarabağa səfəri davam edib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Zəfərin yolu: Qələbənin izi ilə” layihəsi çərçivəsində keçirilən səfərdə həmin ölkələrdə fəaliyyət göstərən 50-yə yaxın azərbaycanlı din xadimi iştirak edir. Səfərin əsas məqsədi milli-mənəvi dəyərlərimizin qorunması və təbliği, xaricdə yaşayan soydaşlarımızın Vətənlə əlaqələrinin möhkəmləndirilməsi, eləcə də Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır.
Səfər çərçivəsində nümayəndə heyəti Şuşadan sonra Xankəndi şəhərinə gəlib. Qonaqlar ilk olaraq Xankəndi şəhərində yerləşən Zəfər parkını ziyarət ediblər. Burada nümayəndə heyətinə park, onun yaradılmasının tarixi və ideoloji əhəmiyyəti, eləcə də Xankəndidə həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri barədə ətraflı məlumat verilib.
Bildirilib ki, Zəfər parkında yerləşən Zəfər Tağının 44 metr hündürlüyü və 44 pilləsi xüsusi məna daşıyır. Bu rəqəmlər 44 günlük Vətən müharibəsini, qəhrəmanlarımızın xatirəsini, Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan mübarizəni və tarixi Zəfərimizi simvolizə edir.Səfər iştirakçıları Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, bölgənin tarixi-mədəni irsinin qorunması və gələcək inkişaf perspektivləri ilə də tanış olacaqlar. Qonaqlar Xankəndidən Ağdama yola düşüblər.