OpenAI-nin eksperimental süni intellekt modelinin riyaziyyatın ən mürəkkəb problemlərindən biri hesab olunan Navye-Stoks problemini həll etdiyi açıqlanıb.
Modern.az xəbər verir ki, şirkətin məlumatına görə, təxminən 10 min süni intellekt agenti problemin həlli üzərində 88 saat işləyib. Daha 17 saat ərzində isə əldə olunan nəticənin yoxlanılması həyata keçirilib.
Lakin bu iddia artıq mübahisələrə səbəb olub. Nyu-York Universitetinin professoru, riyaziyyatçı Tristan Bakmaster OpenAI-nin bu nəticəyə onun və “Anthropic” şirkətinin əməkdaşı Levent Alpege ilə apardığı və hələ dərc olunmamış tədqiqatdan istifadə etməklə çatmış ola biləcəyindən şübhələndiyini bildirib. Bakmasterin sözlərinə görə, o, təxminən bir il ərzində Alpege ilə əlaqəli riyazi məsələlər üzərində çalışıb. Onlar araşdırmanın qaralamalarını “Claude” və OpenAI-nin “Codex” proqramına yükləyiblər.
Riyaziyyatçı iddia edir ki, OpenAI onların mümkün elmi nailiyyətindən xəbər tutduqdan sonra eyni nadir yanaşmadan istifadə etməyə başlayıb. Bakmaster həmçinin OpenAI tədqiqatçısı Sebastien Bubeckin Alpegenin “Anthropic”də işləməsi səbəbindən onun tədqiqatın müəllifləri sırasından çıxarılmasını təklif etdiyini bildirib. Bakmaster bu təkliflə razılaşmadıqda və söhbəti ictimailəşdirmək qərarına gəldikdə isə ona “Karyeranı niyə məhv etmək istəyirsən?” deyildiyini iddia edib.
OpenAI isə riyaziyyatçıların dərc olunmamış işinin şirkətin əməkdaşları və ya süni intellekt agentləri tərəfindən görüldüyünü inkar edir.
Bununla belə, şirkət istifadəçilərin məhsullarından istifadəsi zamanı toplanan anonimləşdirilmiş məlumatların modellərin təliminə təsir göstərməsi ehtimalını tamamilə istisna etməyib. Bakmaster isə özü də onların Alpege ilə apardığı tədqiqatdan əldə olunan məlumatların istifadə edilib-edilmədiyini bilmədiyini vurğulayıb. “Minilliyin problemləri” riyaziyyatın ən çətin hesab olunan yeddi problemini əhatə edir. Kley Riyaziyyat İnstitutu bu problemlərin hər birinin həlli üçün 1 milyon dollar mükafat müəyyən edib.
Hazırda institutun rəsmi saytında Navye-Stoks problemi hələ də həll olunmamış problem kimi göstərilir. Bu yeddi problemdən indiyədək yalnız Puankare hipotezi həll edilib. Onun isbatını rusiyalı riyaziyyatçı Qriqori Perelman təqdim edib.