Modern.az

Azərbaycanlı qızlara hansı dildə dərs keçəcəksiniz?

Azərbaycanlı qızlara hansı dildə dərs keçəcəksiniz?

Aktual

Bu gün, 14:38

Azərbaycanda təhsil müəssisələrində tətbiq olunan geyim qaydaları ilə bağlı müzakirələrə İran rəsmiləri də münasibət bildiriblər. İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərraf hicaba görə təhsildə çətinliklə üzləşdikləri iddia olunan azərbaycanlı qızları İran universitetlərinə dəvət edib.

Mövzu ilə bağlı Modern.az-a danışan deputat Vasif Qafarov bu çağırışı yersiz və qəbuledilməz hesab etdiyini bildirib.

Onun sözlərinə görə, Azərbaycanın təhsil siyasətini dini müstəviyə çəkmək və bundan siyasi məqsədlərlə istifadə etmək ölkənin daxili işlərinə müdaxilə cəhdidir:

“Azərbaycan öz qanunlarını və təhsil qaydalarını müstəqil müəyyənləşdirir. Başqa dövlətlərin bu sahəyə müdaxiləsi qarşılıqlı hörmət prinsiplərinə ziddir. İran rəsmiləri təhsil hüququndan danışarkən ilk növbədə öz ölkələrindəki vəziyyətə diqqət yetirməlidirlər. İranda yaşayan milyonlarla azərbaycanlının ana dilində təhsil almaq imkanları məhduddur. İran Konstitusiyasının 15-ci maddəsi regional və etnik dillərin tədrisinə imkan versə də, bu hüququn həyata keçirilməsində problemlər qalır. Öz ölkəsində həmin hüququ tam təmin etməyən dövlətin başqa ölkəyə təhsil dərsi keçməsi nə dərəcədə əsaslıdır?”

Deputat İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan dilində danışmasının müsbət hal olduğunu, lakin bunun ana dilində təhsil imkanlarının yaradılmasını əvəz etmədiyini vurğulayıb:

“Pezeşkianın həm ölkə daxilində, həm də beynəlxalq görüşlərdə Azərbaycan dilində danışması təqdirəlayiqdir. Ancaq bir dildə danışmaqla həmin dilin təhsil sistemində yer almasını təmin etmək eyni şey deyil. O, seçki kampaniyası zamanı ana dili ilə bağlı vədlər vermişdi. Bu vədlərin icrası istiqamətində hansı real nəticələr əldə olunub? İran rəhbərliyi azərbaycanlıların ana dilində təhsil hüququnun təmin olunması üçün konkret addımlar atmalıdır”.

V.Qafarov İran nazirinin dəvətinin tədris dili ilə bağlı da sual doğurduğunu qeyd edib:

“İrana dəvət etdiyiniz azərbaycanlı qızlara hansı dildə dərs keçəcəksiniz? Ana dilində təhsil imkanlarını öz vətəndaşları üçün lazımi səviyyədə təmin etməyən dövlət azərbaycanlı gənclərə hansı təhsil modelini təklif edir? Təhsil hüququ əsas götürülürsə, bu hüquq İranda yaşayan azərbaycanlılar üçün də təmin olunmalıdır”.

Deputat qadınların geyim seçiminə münasibətdə də eyni meyarların tətbiq edilməsinin vacibliyini bildirib:

“İranda məcburi hicab qaydaları qadınların gündəlik həyatına, təhsilinə və ictimai fəaliyyətinə təsir göstərir. Belə bir şəraitdə İran rəsmisinin Azərbaycandakı məktəb geyimi qaydalarından narahatlıq ifadə etməsi ikili standart təsiri yaradır. Azərbaycan da İranda hicab taxmaq istəməyən, başıaçıq təhsil almaq arzusunda olan qadınları öz təhsil müəssisələrinə dəvət etsə, Tehran buna necə münasibət göstərər? İran rəsmiləri qadınların təhsil hüququna öz ölkələrində də eyni həssaslıqla yanaşmalıdırlar”.

Vasif Qafarov Azərbaycanın dünyəvi dövlət olduğunu xatırladaraq məktəbli geyimi məsələsinin dini qarşıdurma mövzusuna çevrilməməli olduğunu deyib:

“Dünyəvilik dini dəyərlərin inkarı deyil. Bu prinsip dövlətin və təhsil sisteminin hər hansı dini yanaşmanın təsiri altında idarə olunmamasını nəzərdə tutur. Məktəbli geyimi məsələsini dini qarşıdurmaya çevirmək nə təhsilin inkişafına, nə də Azərbaycan–İran münasibətlərinə xidmət edir.

İki ölkə arasında münasibətlərin inkişafı üçün qarşılıqlı hörmət, suverenliyə ehtiram və daxili işlərə qarışmamaq prinsipləri qorunmalıdır. Təhsil hüququ isə siyasi təzyiq vasitəsinə çevrilməməli, bütün ölkələrdə eyni meyarlarla müdafiə olunmalıdır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
GƏRGİNLİK ARTDI! Öz işinizlə məşğul olun! -Bakıdan İrana sərt cavab