Vəkillər Kollegiyasının Ağsaqqallar Şurasının sədri, respublikanın Əməkdar hüquqşünası İkram Kərimov vəfat edib.
Modern.az xəbər verir ki, o, bu gün səhər saatlarında həyatını itirib.
Qeyd edək ki, İkram Kərimov 1942-ci ildə Kürdəmir şəhərində anadan olub. 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 1966-1978-ci illərdə Bakı şəhərinin Oktyabr (Yasamal), Qusar və Xaçmaz rayon prokurorluqlarında müstəntiq, Azərbaycan SSR Prokuroru yanında mühüm işlər müstəntiqi vəzifələrində, 1978-1987-ci illərdə Bakı şəhər Əzizbəyov (Xəzər) rayon prokuroru, Bakı şəhər prokurorunun birinci müavini – istintaq şöbəsinin rəisi işləyib. 1987-2012-ci illərdə Bakı şəhər məhkəməsinin sədri, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası hərbi məhkəməsinin sədri və Şimal-Şərq bölgəsi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin sədri vəzifələrini tutub.