Modern.az

Bakıda polis dilənçilərin, dilənçilər də polislərin əlindən bezib

Bakıda polis dilənçilərin, dilənçilər də polislərin əlindən bezib

3 Sentyabr 2009, 13:16

ASAYİŞ KEŞİKÇİLƏRİ DİLƏNÇİLƏRİN, DİLƏNÇİLƏR DƏ POLİSLƏRİN ƏLİNDƏN BEZİB

Son vaxtlar Bakıda dilənçilərin sayı artıb. Bakı şəhərinin küçə və meydanlarında, yeraltı keçidlərdə, avtobuslarda, metro vaqonlarında, park və bağlarda dilənçilərlə hər gün rastlaşmaq olar. Paytaxtda dilənçiliklə məşğul olanların sayını heç kim bilmir. Nə Dövlət Statistika Komitəsində, nə də hüquq-mühafizə orqanlarında onların statistikası aparılır. Heç qeyri-hökumət təşkilatlarında da dilənçilərin sayı barədə məlumat yoxdur. Bakı şəhərində dilənçilərin sayının artması onlara qarşı mübarizə tədbirlərini gücləndirməyi zəruri edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, DİN Çevik Polis Alayı, Nəsimi RPİ, Yasamal RPİ və Nizami RPİ əməkdaşları tərəfindən  qeyd olunan rayonların ərazisində təkcə sentyabrın 2-də avaraçılıq və dilənçiliklə məşğul olan 51 nəfər saxlanılib. Onlar Bakı şəhər BPİ-nin İnzibati Həbs Olunanların Saxlama Məntəqəsinə göndəriliblər. Amma həmin şəxslərin buraxılandan sonra yenidən dilənməyə başlamayacaqlarına heç kim təminat vermir.
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) növbətçi hissəsindən  bildirilib ki, paytaxtda dilənçilərlə mübarizə çərçivəsində mütamadi reydlər keçirilir. BŞBPİ-nin belə reydlərində əsas məqsəd onların sayını azaltmaqdır. Lakin təcrübə göstərir ki, bu tədbirlər effekt vermir. Çünki həmin reydlər zamanı polisin Müvəqqəti Saxlama Məntəqəsinə apardığı dilənçilər orada iki-üç gün qaldıqdan sonra sərbəst buraxılırlar, onlar isə yenidən dilənməyə başlayırlar.
Polis işçisi Elşən Əliyev Modern.az-f deyib ki, həmişə saxlanılan dilənçilərin əksəriyyəti qadın və uşaqlar olur. Dilənçilər adətən Nəsimi, Yasamal, Səbail, Nizami rayonlarının ərazisində saxlanılırlar. Ümumiyyətlə, polisin apardığı araşdırmalar dilənçilərin həmişə paytaxtın məhz bu rayonlarında diləndiyini göstərir. DİN mətbuat xidmətinin məlumatına görə, saxlanılanlar Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati Həbs Olunanların Saxlama Məntəqəsinə göndərilirlər. Bu məntəqədə həmin adamların şəxsiyyəti müəyyənləşdirilir. Bundan sonra isə onlar öz yaşadıqları yerlərə göndərilir. Amma yaşadıqları ərazilərə göndərilən dilənçilər az sonra təkrar Bakıya üz tuturlar. Bir sözlə polis onların əlindən bezib.
Maraqlıdır ki, dilənçilər də polisin əlindən bezdiklərini, onlara rahat «işləmək» imkanının verilmədiyini deyirlər. Onlar mülki geyimli polislərin reydlərindən daha çox qorxurlar. Küçədə rastlaşdığımız qaraçı dilənçi Zaura deyir ki mülki geyimli polislərin reydləri zamanı yaxalanmaq ehtimalı daha böyükdür.
Qeyd edək ki, son vaxtlar Bakı Metropoliteninin stansiyalarında, qatarlarda da dilənçilər artıb. Yeri gəlmişkən, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov onların metroya buraxılmaması barədə göstəriş verib. Lakin T.Əhmədovun həmin göstərişinə əməl edilmir. Qurumun mətbuat xidmətindən Modern.az-a bildirilib ki, dilənçilərin yeraltı nəqliyyata buraxılmasına görə məsuliyyət Metroda Polis İdarəsinin üzərinə düşür. Həmin idarədən isə məsələyə münasibət öyrənmək mümkün olmayıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir