Modern.az

Tanınmış jurnalist fırıldaqçının qurbanı oldu: 600 manatı oğurlandı

Tanınmış jurnalist fırıldaqçının qurbanı oldu: 600 manatı oğurlandı

Hadisə

Bu gün, 00:20

Tanınmış jurnalist, LAF TV internet telekanalının rəhbəri Ləman Ələşrəfqızı fırıldaqçının qurbanı olub. Modern.az-ın məlumatına görə, naməlum şəxs "Ümid" Partiyasının sədri İqbal Ağazadənin adından istifadə edərək jurnalisti aldadıb və onun pulunu ələ keçirib.

Bu barədə jurnalistin özü bildirib:

"Məni aldatdılar dostlar. Şərəfsizin biri İqbal Ağazadə adı ilə Teleqram kanalından "Ləman xanım, xəstəxanadayam, kartımda pul yoxdur. Sizdə 300 manat varsa, atın", - yazdı, "2-3 saata göndərəcəm", - dedi. Mən də heç soruşmadan "baş üstə, İqbal bəy", - dedim. Ardınca 420 manat da bir istədi. Dedim ki, 300 manat var kartımda, onu göndərə bilərəm. Toplam 600 manat göndərəndən sonra bu şərəfsiz bir də Teleqram-dan qısa zəng etdi. İndi də 340 manat göndərməyimi istəyirdi. Yalnız onda şübhələndim. Zəng etdim, açmadı. İqbal bəyi adi nömrəsindən yığdım, məlum oldu ki, onun Teleqram hesabı oğurlanıb və bu haqda Facebook-da yazıbmış.

Əlbəttə, çox sadəlövh davrandım. Buna görə məni qınayanlar da olacaq, şübhəsiz. Əvvəla ona görə ki, vaxtaşırı xəbərlərimdə DİN-in kibercinayətkarlıqla bağlı məlumatlarını şəxsən özüm çatdırıram və birdən-birə də özüm qurbana çevrilirəm. İkincisi, İqbal Ağazadənin Ləman Ələşrəfqızıdan pul istəyə biləcəyi ehtimalının da sıfır olacağını bilə-bilə belə yanlışlığa yol verdim. Məni çaşdıran nə ola bilərdi əcəba? Deyim! Əvvəla, bu şərəf qısırı "xəstəxanadayam, kartımda pul yoxdur, 1-2 saata qaytaracam", - dedi. Düşündüm, İqbal bəy bəlkə ərk edib, yaxın dostumuzdur, ola bilər ki, sabah eyni situasiyada mən də ona zəng edib yardım istəyərəm.

İkincisi, adam kimdirsə, İqbal bəyin yazı tərzini, üslubunu əməllicə mənimsəyib, peşəkar dələduzdur. Nə isə... Allah bəlasını versin! Haramı olsun! Halallığı verilməyən puldan necə xeyir görə bilər? Zatən görməyəcək də.

Məsələni anladığımı bilən kimi adam Teleqram hesabını sildi. 600 manatlıq qəbzlər isə yəqin ki, bir ömür yaddaşımdan silinməz".

Ləman Ələşrəfqızı hadisə ilə bağlı Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəisi Elşad Hacıyevə müraciət edib:

"Hörmətli Elşad Hacıyev, lütfən məsələni nəzarətə götürün". 


 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada