Modern.az

Təhsildən yayınan köçkün şagirdlər məktəbə cəlb olunacaq

Təhsildən yayınan köçkün şagirdlər məktəbə cəlb olunacaq

Qarabağ

28 Sentyabr 2009, 14:52

Gənclər üçün Təhsil Mərkəzi bu ilin əvvəlindən başladığı “Şagird İnkişaf Komitəsi konsepsiyası” layihəsinin növbəti mərhələsinə başlayıb. Qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, məqsəd şagirdlərin təhsilə marağının artırılması, təhsildən yayınan şagirdlərin məktəbə cəlb olunması, onların asudə vaxtının səmərəli təşkil olunması, ictimai aktivliklərinin artırılması və vətəndaş cəmiyyətinin inkişafı prosesinə qatılmalarını təşviq etməkdir. Layihə Füzuli rayonu Qayıdış qəsəbəsində icra olunur və Açıq Cəmiyyət İnstitutunun Budapeşt ofisinin Təhsilə Dəstək Proqramının maliyyə dəstəyi ilə həyata keçirilir.  

Qeyd edək ki, layihənin icra edilməsi üçün Füzuli rayon Qayıdış qəsəbəsinin 4 saylı məktəbində xüsusi yer ayrılıb, ofis və kompüter avadanlıqları verilib.

Yaxın günlərdə rəsmi açılış mərasimi olacaq "Şagird İnkişaf Komitəsi" Qayıdış qəsəbəsində təhsil alan şagirdlər tərəfindən formalaşdırılacaq və seçiləcək idarə heyəti tərəfindən idarə olunacaq.

İki il davam edəcək layihə çərçivəsində şagirdlər üçün müxtəlif təlim proqramları və kurslar tədris olunacaq, müəllim-valideyn münasibətlərinin inkişaf etdirilməsinə, məktəb və şagird əlaqələrinin möhkəmləndirilməsinə dəstək veriləcək, müxtəlif nəşrlər hazırlanacaq, festival və müsabiqələr, tanınmış ziyalılarla məktəblilərin görüşləri keçiriləcək.

 
Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi