Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) qurucu lideri Alparslan Türkeşin oğlu, 2015-ci ildə MHP-dən Ədalət və İnkişaf Partiyasına (AKP) keçən Tuğrul Türkeş mühüm açıqlamalar verib.
Modern.az xəbər verir ki, siyasətçi "Sputnik Türkiye"yə müsahibəsində maraqlı məqamlara toxunub.
"Mən Milliyətçi Hərəkat Partiyasından öz istəyimlə çıxmadım və AKP-yə addımlarımla getmədim. 2015-ci ildə Türkiyədə iqtidar formalaşa bilmədi. AKP iqtidarı itirdi. Türkiyə yeni hökumət qura bilməməsi nəticəsində yenidən seçkilər keçirilməli idi. Seçkiyə qədər aralıq hökumətdə təmsil olunmaq təklif olundu. Mən də bunu qəbul etdim. MHP-nin rəhbərliyi bunu özlərinə qarşı üsyan hesab edib məni partiyadan xaric etdi. Amma mən buna qanuni qərar deməzdim. Siyasətə davam etmək istəyirdim və AKP-dən dəvət gəldi. Bundan sonra keçdim. Partiyada 2015-ci ildən bəri 8 ildir fasiləsiz həm millət vəkili, həm də siyasətçiyəm”, - o bildirib.
Türkeş AKP və MHP-nin birlikdə ittifaq yaratmasının müəllifi olduğunu bəyan edib: "Mən bu "Cümhur İttifaqı" layihəsinin müəllifiyəm. Belə desək, birinci məni partiyadan çıxardılar, amma gördülər ki, mənə heç nə olmayıb, xəsarət almamışam. "Yaxşı, bax, biz də gedə bilərik” dedilər. Amma zarafat bir yana, bu işin layihə müəllifi mənəm. Mən yerli əhali ilə, təşkilatlarla ahəngdar işləyirdim. Özüm də özümü yad hiss etmədim. Ümumiyyətlə, müşahidə etdilər, dedilər ki, bax, belədir, mənim arxamca gəldilər. Yaxşı iş gördülər. Mən bunu alqışlayıram”.