İngiltərənin “Mançester Siti” və İspaniyanın “Sevilya” klubları UEFA Superkuboku uğrunda oyunda qarşılaşıb.
Modern.az xəbər verir ki, komandalar Yunanıstanın Pirey şəhərindəki Georgios Karaiçkakis stadionunda üz-üzə gəliblər.
Oyunu baş hakim Fransua Leteksyenin (Fransa) rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.
Matçın 25-ci dəqiqəsində “Sevilya”nın hücumçusu Yussef En-Nesiri Markos Akunyanın ötürməsi ilə hesabı açıb. 63-cü dəqiqədə “Mançester Siti”nin yarımmüdafiəçisi Koul Palmer Rodrinin dəqiq ötürməsi ilə hesabı bərabərləşdirib. Matçın qalan vaxtında komandaların hər birinin qol vurub önə keçmək şansı olsa da, buna nail ola bilməyib. Görüş penaltilər seriyasına keçib.
Penaltilər seriyasında isə “Mançester Siti” daha dəqiq olub. Yekunda ingilislər 5:4 hesabı ilə qalib gələrək kubokun sahibi olublar.