Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin əks hücum əməliyyatından danışıb.
Modern.az xəbər verir ki, o, "Associated Press" agentliyinə müsahibəsində əks-hücumun nəticələrindən məmnun olduğunu bildirib.
Zelenski hərbçiləri dünyanın ikinci ordusu qarşısında geri çəkilmədiklərinə görə tərifləyib. Bununla belə, prezident qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri müttəfiqlərdən hərbi yardımın olmaması səbəbindən insanlarını itirməkdə davam edir.
“Geri çəkilmirik, mən bundan məmnunam. Biz dünyanın ikinci ordusu ilə döyüşürük”, - o deyib.
Zelenskinin sözlərinə görə, Ukrayna istədiyi bütün silahları almayıb: "Mən razı ola bilmərəm, amma çox şikayət də edə bilmərəm".
Volodimir Zelenski həmçinin İsrail və HƏMAS yaraqlıları arasında müharibənin Ukraynadakı hərbi əməliyyatlara “kölgə sala biləcəyi” qorxularından danışıb: "Rəqabətli siyasi gündəm və məhdud resurslar Qərbin Kiyevə hərbi yardım axınını təhlükə altına qoyur”.
O həmçinin əlavə edib ki, ABŞ-da gözlənilən prezident seçkiləri fonunda bu narahatlıqlar güclənir.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.