İran ABŞ-a Hörmüz boğazını açmağı və nüvə danışıqlarını daha sonraya saxlamaqla münaqişəni dayandırmağı təklif edib.
Modern.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Məlumata görə, Tehranın ABŞ-a Pakistan vasitəçiləri üzərindən ötürdüyü yeni təklif ilk növbədə boğaz ətrafındakı böhranı və ABŞ tərəfindən tətbiq olunan blokadanı aradan qaldırmağa yönəlib. Təklifə əsasən, Hörmüz açıldıqdan və blokada götürüldükdən sonra nüvə proqramı ilə bağlı danışıqlar daha gec mərhələdə başlanmalıdır.
Portal qeyd edir ki, Ağ Ev bu təklifi alıb, lakin ABŞ-ın onu nəzərdən keçirməyə hazır olub-olmadığı hələ aydın deyil.
Öz növbəsində mənbələrdən biri bildirib ki, ötən həftəsonu İranın xarici işlər naziri Abbas Əraqçi Pakistan, Misir, Türkiyə və Qətərdən olan vasitəçilərə İran rəhbərliyi daxilində ABŞ tələblərinə necə cavab verilməsi ilə bağlı vahid mövqenin olmadığını çatdırıb.
Eyni zamanda, "Axios" mənbələrinin məlumatına görə, bazar ertəsi ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik və xarici siyasət komandası ilə İran məsələsi üzrə operativ müşavirə keçirəcək.
Mənbələrin sözlərinə görə, Donald Trampın komandası danışıqlardakı çıxılmaz vəziyyəti və mümkün növbəti addımları müzakirə edəcək.