Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkoff İsveçrəyə yollanıb. Gözlənilir ki, burada ABŞ və İran arasında mümkün nüvə sazişi ilə bağlı danışıqların ilk raundu keçiriləcək.
Modern.az xəbər verir ki, bu barədə Axios-a amerikalı bir rəsmi bildirib.
Amerikalı rəsminin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın kürəkəni və keçmiş müşaviri Cared Kuşner artıq İsveçrədədir.
Danışıqların cümə günü başlaması nəzərdə tutulurdu, lakin İsrail ilə Livandakı “Hizbullah” hərəkatı arasında döyüş əməliyyatları səbəbindən təxirə salınıb. Danışıqlar üçün yeni vaxtın müəyyən edilib-edilmədiyi hələ məlum deyil.
Məlumatlı mənbənin bildirdiyinə görə, İranın xarici işlər naziri Abbas Araqçı da şənbə günü İsveçrəyə səfər etməyi planlaşdırır.
Mənbə qeyd edib ki, vəziyyət hələ də dəyişə bilər.
Vasitəçi ölkələrdən birinin mənbəsinin sözlərinə görə, Araqçı cümə günü bir neçə həmkarına bildirib ki, Livanda atəşkəsin əldə olunması İran üçün kritik əhəmiyyət daşıyır və ABŞ-İran danışıqlarının baş tutub-tutmamasını müəyyən edən əsas amildir.
Digər bir vasitəçi ölkənin mənbəsi isə bildirib ki, iranlılar İsveçrəyə getməzdən əvvəl atəşkəsin təmin olunmasını istədiklərini vurğulayıblar.
ABŞ və İran arasında əsas vasitəçilərdən biri hesab olunan Qətərin Baş naziri Mohammed bin Abdulrahman Al Thani cümə günü daha əvvəl İsveçrəyə gəlib.
ABŞ nümayəndə heyətinə vitse-prezident Cey Di Vensin rəhbərlik etməsi gözlənilirdi. Lakin o, cümə axşamı axşamı son anda səfərini təxirə salıb. Həftəsonu İsveçrəyə gedib-getməyəcəyi hələlik məlum deyil.