ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Yaxın Şərqdə həyata keçirdiyi hərbi və diplomatik addımlardan danışıb.
Modern.az xəbər verir ki, Axios nəşrinə verdiyi müsahibədə Tramp bildirib ki, ABŞ İrana müxtəlif yollarla, o cümlədən dəniz blokadası vasitəsilə təzyiq göstərib və bu, İranın hərbi-dəniz qüvvələri üçün ciddi nəticələrə səbəb olub.
O, həmçinin vəziyyəti daha geniş regional münaqişələrlə əlaqələndirərək, ABŞ-ın Hindistan və Pakistan arasında gərginliyin artmasının qarşısını almaqda rol oynadığını vurğulayıb. Trampın sözlərinə görə, söhbət nüvə qarşıdurmasına çevrilə biləcək təhlükəli vəziyyətdən gedirdi.
“Pakistan məndən xahiş etdi ki, davam etməyək. Dedim ki, onları bəyənirəm. Mən Pakistanı və Hindistanı – iki nüvə dövlətini dayandırdım. Pakistanın baş naziri dedi ki, Tramp 50 milyon insanın həyatını xilas edib. Amma məncə, bu rəqəm daha böyükdür”.
Trampın sözlərinə görə, tərəflər nüvə silahından istifadəyə çox yaxın idilər və onun müdaxiləsi böyük bir fəlakətin qarşısını alıb.
İranla əldə olunan razılaşmalardan danışarkən jurnalist tiv Kaputo qeyd edib ki, mövcud çərçivə razılaşması “qeyd-şərtsiz təslimiyyət” kimi görünmür. Tramp isə buna belə cavab verib:
“Yəqin ki, elə qeyd-şərtsiz təslimiyyətin özüdür. Onların artıq ordusu yoxdur. Hər şey dənizin dibindədir. Onların 159 gəmisi var idi”.
Tramp bildirib ki, Amerikanın əməliyyatları İranın hərbi imkanlarını, o cümlədən hava qüvvələrini və hava hücumundan müdafiə sistemlərini faktiki olaraq iflic edib.
“Biz onların hərbi hava qüvvələrini, hava müdafiəsini məhv etdik. Buna görə də orada tam sərbəst uça bilirdik. Hər şeyi sıradan çıxardıq. Onlar heç nə edə bilmirdilər”.
Tramp əlavə edib ki, İran rəhbərliyinin digər mühüm fiqurlarına və strukturlarına da zərbələr endirilib və bunun ölkənin hərbi potensialını ciddi şəkildə zəiflətdiyini düşünür.
O, eyni zamanda əvvəlki ABŞ administrasiyalarının daha az qətiyyətli davrandığını bildirib və öz siyasətini keçmiş prezident Barak Obama dövründə İranın nüvə proqramı ilə bağlı imzalanmış sazişlə müqayisə edərək həmin razılaşmanı “fəlakət” adlandırıb.
Trampın sözlərinə görə, ABŞ-ın hərəkətləri İranın hərbi infrastrukturunun bir hissəsinin “tamamilə məhv edilməsinə” gətirib çıxarıb və o vurğulayıb ki, diplomatiyanın və münaqişələrin nəticələrini müəyyən edən əsas amil gücdür.