ABŞ və İran arasında imzalanmış memorandumda İsrail tərəfinin irəli sürdüyü İranın dəstəklədiyi qüvvələrə yardımların dayandırılması və ballistik raket proqramının məhdudlaşdırılması ilə bağlı tələblər yer almayıb.
Modern.az xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.
Qəzetə danışan keçmiş israilli məmur bildirib:
“Bunun nə qədər böyük strateji fəlakət olduğunu şişirtmək çətindir. Müharibədən əvvəlki dövrlə müqayisədə vəziyyət bu gün, şübhəsiz ki, daha pisdir. Artıq əvvəlki kimi ABŞ ilə eyni xətt üzrə hərəkət etmirik”.
Məlumata görə, ABŞ Prezidenti Donald Trumpın Tehranla əldə etdiyi aralıq razılaşma İsraildə narazılıq doğurub. ABŞ-ın vitse-prezidenti Cey Di Vence isə buna cavab olaraq israilliləri “oyanmağa və reallığı qəbul etməyə” çağırıb.
ABŞ-ın İsraildəki keçmiş səfiri Dan Şapiro qeyd edib ki, Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu öz imkanlarını həddindən artıq qiymətləndiriblər və əvvəllər malik olduqları əlverişli strateji mövqeni itiriblər.
Nəşrin yazdığına görə, münaqişə zamanı itkilər versə də, Tehran öz mövqelərinin daha da möhkəmləndiyini hesab edir.
Bundan başqa, qəzet bildirir ki, ABŞ Livanda atəşkəs rejiminin tətbiqinə çalışır ki, bu da İsraildə etirazlara səbəb olub. İsrailli siyasi texnoloq Nadav Ştrauxlerın fikrincə, İranla əldə olunan razılaşma oktyabrda keçiriləcək seçkilər ərəfəsində Netanyahuya ciddi siyasi zərbə vurub.