Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna Prezidenti Volodimir Zelenskinin nümayəndələri ilə yaxın vaxtlarda Minskdə görüş keçirdiyini açıqlayıb.
Modern.az xəbər verir ki, Lukaşenko bu barədə jurnalistlərə açıqlamasında danışıb.
Onun sözlərinə görə, görüş Ukrayna tərəfinin Belarus-Ukrayna sərhədində yerləşdirilmiş və Kiyevin iddiasına əsasən Rusiyanın Ukraynaya zərbələrinin koordinasiyasında istifadə olunan avadanlıqlarla bağlı narahatlığı fonunda baş tutub.
Lukaşenko bildirib ki, Ukrayna nümayəndələrinə Belarusun müharibəyə cəlb olunmasının regiondakı vəziyyəti ciddi şəkildə dəyişə biləcəyi barədə xəbərdarlıq edib.
“Onlara dedim ki, əgər kimsə Belarusu bu münaqişəyə cəlb etməyin mümkün olduğunu düşünürsə, anlamalıdır ki, bu halda müharibənin xarakteri tamamilə dəyişəcək”, – deyə o qeyd edib.
Belarus lideri əlavə edib ki, Ukrayna tərəfi də mümkün nəticələri başa düşdüyünü ifadə edib. O, tərəflər arasında danışıqların və razılaşmaların vacibliyini vurğulayıb.
Lukaşenko eyni zamanda bildirib ki, Belarus Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin birbaşa iştirakçısına çevrilmək niyyətində deyil.
“Bizim müharibəyə qoşulmağımıza ehtiyac yoxdur”, – deyən Belarus Prezidenti bu mövzunu dəfələrlə Vladimir Putinlə müzakirə etdiyini söyləyib.
Bununla yanaşı, o, Belarusun Rusiya ilə müttəfiqlik münasibətlərinə sadiq qaldığını vurğulayıb.
“Mövqeyimiz sülhpərvərdir. Amma istənilən vəziyyətdə Rusiyanın yanında olacağıq”, – deyə Lukaşenko bildirib. O əlavə edib ki, Belarus müharibə istəmir, lakin mümkün sülh razılaşmaları etibarlı təhlükəsizlik təminatları ilə müşayiət olunmalıdır.