Modern.az

Venesuelada ölənlərin sayı 920 nəfərə çatdı

Venesuelada ölənlərin sayı 920 nəfərə çatdı

Dünya

Bu gün, 09:26

Güclü zəlzələlər nəticəsində Venesuelada həlak olanların sayı 920 nəfərə çatıb, daha 3 360 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Modern.az xəbər verir ki, bu barədə BBC ölkə rəsmilərinə istinadən məlumat yayıb.

Rəsmi məlumata görə, azı 172 nəfər hələ də dağıntılar altında qalıb. Buna görə də ölənlərin sayının artacağı gözlənilir.

Axtarış-xilasetmə əməliyyatları ölkənin bir neçə bölgəsində davam etdirilir. Ən çox zərər çəkən ərazi isə paytaxt Karakasın şimalında yerləşən La Quayra ştatıdır. Ən böyük dağıntılar da məhz burada qeydə alınıb. Xəstəxanalar, ticarət mərkəzləri və yaşayış binaları da daxil olmaqla yüzlərlə tikili tamamilə və ya qismən dağılıb. Hakimiyyət orqanlarının məlumatına əsasən, təxminən 1 000 infrastruktur obyekti də zərər görüb.

Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges bildirib ki, iki güclü zəlzələdən sonra artıq 214 afterşok (təkrar yeraltı təkan) qeydə alınıb. Onun sözlərinə görə, onlarla insan dağıntılar altından sağ çıxarılıb.

Ölkənin səhiyyə sistemi ciddi yük altındadır. Zərərçəkənlər müvəqqəti səhra hospitalarına yerləşdirilir, çünki xəstəxanaların bir hissəsi dağılıb. Venesuelalı həkimlər bildirirlər ki, ölkənin səhiyyə sistemi təbii fəlakətdən əvvəl də dərman və tibbi avadanlıq çatışmazlığından əziyyət çəkirdi və hazırda vəziyyət daha da ağırlaşıb.

Fəlakətin nəticələrinin aradan qaldırılmasına beynəlxalq ictimaiyyət də qoşulub. Venesuela hökumətinin məlumatına görə, ölkəyə artıq yüzlərlə xarici xilasedici gəlib və yaxın günlərdə yeni qrupların da gəlməsi gözlənilir. Böyük Britaniya axtarış-xilasetmə qrupları, kinoloqlar və pilotsuz uçuş aparatları göndərib. Yardım göstərən ölkələr arasında Amerika Birləşmiş Ştatları, Niderland, Meksika və İsveçrə də var. Vaşinqton xilasedici qüvvələr və nəqliyyat aviasiyası ilə yanaşı, 150 milyon ABŞ dolları həcmində humanitar yardım ayırdığını da açıqlayıb.

BMT Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi bəyan edib ki, fəlakətin miqyası beynəlxalq reaksiyanı zəruri edir. Təşkilat zərərçəkənlərə yardımın koordinasiyasını öz üzərinə götürəcəyini bildirib.

Zəlzələlər çərşənbə günü bir-birindən cəmi bir neçə saniyə fərqlə baş verib. İkinci yeraltı təkanın maqnitudası 7,5 olub. Bu, son yüz il ərzində Venesuelada baş vermiş ən güclü zəlzələlərdən biri hesab olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada