İsrail mətbuatının yaydığı məlumata görə, Baş nazir Benyamin Netanyahu rəhbərlik etdiyi Likud Partiyası daxilində seçki siyahısının formalaşdırılması ilə bağlı dərin fikir ayrılıqları səbəbindən növbəti parlament seçkilərinə müstəqil siyahı ilə qatılmaq ehtimalını gündəmə gətirib.
Modern.az xəbər verir ki, İsrailin Kanal-14 telekanalının xəbərinə əsasən, Netanyahu bu məsələni Likud Mərkəzi Şurasının sədri, turizm naziri Haim Katz ilə qapalı görüşdə müzakirə edib.
İddialara görə, Netanyahu razılıq əldə olunmayacağı təqdirdə öz yolunu seçə biləcəyini bildirərək, “lazım gələrsə, öz xüsusi siyahımı yaradıb seçkiyə təkbaşına da qatıla bilərəm”, deyib.
Görüşdə iştirak edən mənbələr Baş nazirin bu sözləri zarafatla söylədiyini bildirsələr də, partiya daxilində bəzi şəxslər bunu Likuddakı parçalanmanın miqyasını göstərən siyasi mesaj və xəbərdarlıq kimi qiymətləndiriblər.
Məlumata görə, tərəflər arasındakı əsas mübahisə Netanyahuya ayrılan “kvota yerləri” ilə bağlıdır. Baş nazirin Likud siyahısında ilk 40 yer daxilində namizəd təyin etmək hüququnun 5 nəfərdən 11 nəfərə qaldırılmasını istədiyi bildirilir. Netanyahu bunu partiyanın seçki şanslarını artırmaq və “partiyanın simasını yeniləmək” məqsədi ilə əsaslandırsa da, Katz bu tələbi həddindən artıq hesab edir və partiya strukturlarının belə yüksək kvotanı təsdiqləməyəcəyini düşünür.
Bu arada, Likud daxilində ilkin seçkilərin keçirilməsi ilə bağlı müvəqqəti razılıq əldə olunub. Partiya 26-cı çağırış parlament seçkiləri üçün partiyadaxili ilkin seçkilərin avqustun 4-də keçirilməsi barədə yekdil qərar qəbul edib. Əvvəlcədən iyulun 28-nə planlaşdırılan səsvermə Netanyahu ilə Katz arasındakı razılaşma nəticəsində təxirə salınıb.
Məlumatda qeyd olunur ki, Netanyahu daha əvvəl irəli sürdüyü “ilkin seçkilərin ləğv olunaraq namizədlərin komissiya tərəfindən müəyyən edilməsi” təklifindən geri çəkilsə də, öz kvotasının artırılması tələbində israrlıdır.
İsraildə növbədənkənar seçki keçirilməyəcəyi təqdirdə, növbəti parlament seçkiləri ən gec 2026-cı il oktyabrın 27-dək baş tutmalıdır.
Likud daxilindəki bu gərginlik hökumətin ictimai dəstəyinin zəiflədiyi dövrə təsadüf edir. “Maariv” qəzetinin son sorğusuna görə, hazırda seçki keçirilsə, müxalifət bloku parlamentdə 60 mandat qazana bilər. Netanyahu rəhbərliyindəki hakim koalisiyanın isə 50 mandatla kifayətlənəcəyi proqnozlaşdırılır.