Rusiyada prezident Vladimir Putinə ictimai etimad son həftə ərzində kəskin şəkildə azalıb.
Modern.az xəbər verir ki, Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (VTsİOM) iyunun 22-28-i tarixlərində keçirdiyi sorğunun nəticələrinə əsasən, Putinə etimad səviyyəsi bir həftə ərzində 3,4 faiz bəndi azalaraq 73,3 faizə enib.
Məlumata görə, bu, Rusiyanın Ukraynaya qarşı müharibəsinin başladığı vaxtdan bəri Putinin etimad reytinqində qeydə alınan ən sürətli həftəlik azalma hesab olunur.
Bildirilir ki, 2026-cı ildə bundan əvvəl ən böyük geriləmə aprelin əvvəlində qeydə alınmışdı. Həmin vaxt Putinə etimad göstəricisi bir həftə ərzində 1,8 faiz bəndi aşağı düşmüşdü.
Sorğunun nəticələrinə əsasən, Putinin prezident kimi fəaliyyətini bəyənənlərin payı da azalıb. Belə ki, onun fəaliyyətini dəstəkləyənlərin nisbəti son bir həftədə 3,5 faiz bəndi geriləyərək 66,9 faiz təşkil edib.
Bu göstəricidə sonuncu belə kəskin eniş 2024-cü ilin avqustunda qeydə alınmışdı.
Eyni zamanda, Putinin fəaliyyətini bəyənməyən respondentlərin payı 19,7 faizdən 21,3 faizə yüksəlib.