Ukrayna Qara dənizdə pilotsuz uçuş aparatlarından istifadə etməklə yeni müdafiə xətti formalaşdırmağı planlaşdırır.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Odessaya səfəri çərçivəsində açıqlama verib.
Prezident bildirib ki, yaradılacaq müdafiə sistemi əsasən Odessa şəhərinin və bütövlükdə regionun hava hücumlarından qorunmasına xidmət edəcək.
Zelenskinin sözlərinə görə, pilotsuz aparatların buraxılışı müxtəlif platformalardan, o cümlədən dəniz üzərində yerləşən obyektlərdən həyata keçiriləcək. Planlaşdırılan dəniz qüvvələri tərkibində döyüş gəmiləri, aviasiya vasitələri, suüstü və sualtı dronlar vahid sistem şəklində fəaliyyət göstərəcək. Bundan əlavə, Odessa vilayətində dron təhlükəsinə qarşı hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi məqsədilə helikopter parkının genişləndirilməsi nəzərdə tutulur.
Dövlət başçısı qeyd edib ki, Ukrayna hazırda Türkiyədə "Hetman İvan Mazepa" və "Hetman İvan Vıqovski" adlı sualtı qayıq əleyhinə korvetlərin tikintisini davam etdirir. Eyni zamanda, daha iki belə hərbi gəminin inşası da planlaşdırılır.
Zelenski həmçinin Odessada yeni mina əleyhinə gəmilər briqadasının və Hərbi Dəniz Akademiyasının yaradılacağını açıqlayıb. Onun sözlərinə görə, bu briqada dənizdə əməliyyatlar həyata keçirəcək, ehtiyac yarandıqda isə beynəlxalq tərəfdaşlara gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasında dəstək verəcək.
"Avropanın bir çox ölkəsindən üstün cəhətimiz ondadır ki, Ukraynanın əldə etdiyi təcrübə, peşəkarlıq və hərbi ekspertizanı bizə dəstək göstərən tərəfdaşlar üçün yeni təhlükəsizlik təminatlarının təməlinə çevirə bilərik", – deyə Zelenski vurğulayıb.