Modern.az

İordaniya Azərbaycanın Fələstin siyasətini alqışladı

İordaniya Azərbaycanın Fələstin siyasətini alqışladı

Dünya

Bu gün, 13:33

İordaniya Haşimilər Krallığı Azərbaycanın Ermənistanla sülh prosesində əldə etdiyi irəliləyişi yüksək qiymətləndirir.

Modern.az xəbər verir ki, bunu İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacirlər naziri Əymən Əs-Safadi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında deyib.

Nazir Azərbaycanda göstərilən qonaqpərvərliyə görə təşəkkür edib və İordaniya Kralının salamlarını Prezident İlham Əliyevə çatdırdıqlarını bildirib.

Əs-Safadi qeyd edib ki, Azərbaycan və İordaniya arasında münasibətlər ardıcıl şəkildə inkişaf edir və xüsusilə biznes, investisiya, turizm sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur.

"İnanırıq ki, yaxın dövrdə həm biznes əlaqələri, həm də turizm sahəsində əməkdaşlıq daha da artacaq", – deyə o bildirib.

İordaniyalı nazir Azərbaycanın Ermənistanla sülh sazişi istiqamətində əldə etdiyi irəliləyişi də yüksək qiymətləndirib.

"Ermənistanla sülh sazişinin imzalanması istiqamətində əldə olunan irəliləyiş münasibətilə Azərbaycanı təbrik edirik. İordaniya bu prosesi tam dəstəkləyir. Hesab edirik ki, həm Cənubi Qafqazda, həm də Yaxın Şərqdə sülh və sabitliyin təşviqi mühüm əhəmiyyət daşıyır", - deyə Əs-Safadi vurğulayıb.

O bildirib ki, İordaniya ABŞ və İran arasında dialoq səylərini də dəstəkləyir, Hörmüz boğazında beynəlxalq gəmiçiliyin təhlükəsizliyinin qorunmasının vacibliyini qeyd edib.

Nazirin sözlərinə görə, görüş zamanı Fələstin məsələsi də geniş müzakirə olunub.

"İordaniya iki dövlətli həll modelini dəstəkləyir və hesab edir ki, regionda uzunmüddətli sülhün təmin olunması üçün bu yeganə real yoldur. Azərbaycanın Fələstin xalqına göstərdiyi dəstəyi yüksək qiymətləndiririk", – deyə o bildirib.

Əymən Əs-Safadi əlavə edib ki, yaxın gələcəkdə Azərbaycan və İordaniya arasında hava nəqliyyatı əlaqələrinin genişləndirilməsi, həmçinin iki ölkə arasında daha çox aviareysin açılması planlaşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?