Rusiyanın Moskva vilayəti üzrə Daxili İşlər Nazirliyi Baş İdarəsinin rəis müavini, arxa cəbhə xidmətinin rəhbəri, general-mayor Sergey Malkov yanacaq mənimsəməkdə şübhəli bilinərək saxlanılıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat yayıb.
İstintaq çərçivəsində Malkovla yanaşı, Moskva vilayəti üzrə DİN Baş İdarəsinin Təsərrüfat və Xidmət Təminatı Mərkəzinin rəisi, daxili xidmət polkovniki Aleksey Suyarov və həmin qurumun şöbə rəisi, daxili xidmət polkovnik-leytenantı Anna Levina da saxlanılıb.
Onlar Moskva vilayəti üzrə DİN Baş İdarəsinə məxsus avtomobil yanacağının mənimsənilməsində şübhəli bilinirlər.
İstintaqın versiyasına görə, cinayət sxemində “Trassa” yanacaqdoldurma məntəqələri şəbəkəsini idarə edən “Eurotrans” şirkətinin Direktorlar Şurasının sədri İqor Martışov və ona tabe olan üç yüksəkvəzifəli menecer də iştirak edib.
Saxlanılan şəxslərə Rusiya Cinayət Məcəlləsinin mütəşəkkil qrup tərəfindən mənimsəmə və ya israfetməni nəzərdə tutan maddəsi ilə ittiham irəli sürülüb.
Yüksəkvəzifəli DİN əməkdaşları daxili işlər orqanlarından xaric ediliblər. İstintaq onların həbs olunması barədə məhkəmə qarşısında vəsatət qaldırıb. “Eurotrans” şirkətinin top-menecerləri isə artıq həbs ediliblər.
Mənimsənildiyi bildirilən yanacağın həcmi və dövlətə dəymiş ziyanın məbləği açıqlanmayıb.