ABŞ Maliyyə Nazirliyi "İqtisadi təcrid" əməliyyatı çərçivəsində İrana dəstək verdiklərinə görə onlarla hüquqi və fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib.
Modern.az xəbər verir ki, bu, qurumun saytında dərc olunmuş sənəddən məlum olur.
Məlumata görə, yeni sanksiyalar paketinə İranın ən iri avtomobil istehsalçıları, dəmir yolu sektoru, metallurgiya və digər sənaye müəssisələri daxildir.
Məhdudiyyətlərə iki ən iri avtomobil istehsalçısı "Iran Khodro" və "SAIPA", ən iri motosiklet istehsalçısı "Niroo Motor", İndoneziyanın "Golden Motorcycle Company", eləcə də BƏƏ və Honkonqda avtokomponentlər istehsal edən şirkətlər düşüb.
Siyahıya həmçinin İranın ən iri dəmir yolu şirkətləri olan "Islamic Republic of Iran Railway Company", "Raja Passenger Trains Company" və "Sherkat-E Rah Ahan-E Khamle-O-Naghle" də daxil edilib.
Bundan əlavə, ABŞ metallurgiya və maşınqayırma sahələrinin iri müəssisələrinə, o cümlədən "Heavy Equipment Production Company" (HEPCO) və onun Şanxaydakı törəmə şirkətini də məhdudiyyətə məruz qoyub.
Amerika hakimiyyəti həmçinin, onların iddialarına görə, İranın metallurgiya müəssisələrinə kömək edən BƏƏ və Almaniyadakı şirkətləri, eləcə də Honkonqda qərarlaşan, İran və Dominikan Respublikasının iki vətəndaşı ilə əlaqəli polad və neft ixracı şəbəkəsini sanksiya siyahısına salıb.
ABŞ Maliyyə Nazirliyindən bildiriblər ki, dəmir yolu və avtomobil sektorları İran hakimiyyətinin ən iri gəlir mənbələrindən və logistik imkanlarından biri olaraq qalır.