Ermənistanın Kotayk vilayətində patrul polis əməkdaşlarına avtomobildən odlu silahla atəş açılıb. Modern.az xəbər verir ki, hadisə ilə bağlı məlumat Ermənistan Daxili İşlər Nazirliyinin 112 Operativ İdarəetmə Mərkəzinə daxil olub.
Məlumata görə, patrul əməkdaşları “Hyundai” markalı avtomobilin sürücüsünün yol hərəkəti qaydalarını pozduğunu müəyyən edib və ona dayanmaq siqnalı verib. Lakin sürücü polis əməkdaşlarının tələbinə tabe olmayıb.
Bundan sonra avtomobildən odlu silahla atəş açılıb. Nəticədə iki patrul polisi tibb mərkəzinə çatdırılıb.
Ermənistan DİN-in Polis mətbuat xidmətindən bildirilib ki, əməkdaşlardan biri tibbi yardım göstərildikdən sonra xəstəxanadan buraxılıb.
İlkin məlumata görə, hər iki patrul polisinin həyatı üçün təhlükə yoxdur.
DİN-in müxtəlif polis xidmətlərinin koordinasiyalı əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən iki nəfər və hadisədə istifadə olunan “Hyundai” markalı avtomobil müəyyən edilərək saxlanılıb.
İlkin məlumata görə, “Hyundai”də olan sürücü və sərnişin Kotayk vilayətinin sakinləridir və hadisə zamanı sərxoş vəziyyətdə olublar.
Faktla bağlı cinayət işi başlanılıb.