Modern.az

Tofiq Mirzəyevin dəfn yeri açıqlandı

Tofiq Mirzəyevin dəfn yeri açıqlandı

Hadisə

Bu gün, 13:34

İsraildə vəfat edən Azərbaycanın Xalq artisti, "Şöhrət" ordenli aktyor, rejissor və musiqiçi Tofiq Mirzəyevin dəfn yeri açıqlanıb. Mərhum yaşadığı Arad şəhər qəbiristanlığında torpağa tapşırılacaq.

Modern.az xəbər verir ki, bu barədə İsraildə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman bildirib.

1994-cü ildən İsrailin Arad şəhərində yaşayan 94 yaşlı sənətkar iki ay əvvəl insult keçirmiş, həmin vaxtdan səhhəti tam bərpa olunmamışdı. O, iyulun 22-də dünyasını dəyişib.

Yeganə Saımanının sözlərinə görə, Tofiq Mirzəyevin nəşi bu gün saat 17:30-da Arad şəhər qəbiristanlığında, anası Bela İlyiniçna Moiseyeva, qardaşı Teymur Mirzəyev və bacısı Leyla Mirzəyevanın yanında dəfn olunacaq.

Tofiq Mirzəyevin Teymur adlı bir oğlu var.

1932-ci ildə Gədəbəy rayonunda tarixçi ailəsində anadan olan Tofiq Mirzəyev ömrünü incəsənətə həsr edib. O, Moskva Filarmoniya Məktəbində klarnet ixtisası üzrə, daha sonra isə Bakı Konservatoriyasında təhsil alıb. Azərbaycan Dövlət Simfonik Orkestrində maestro Niyazinin rəhbərliyi altında fəaliyyət göstərib.

Caz musiqiçisi kimi Vaqif Mustafazadə, Pərviz Rüstəmbəyov, Tofiq Şabanov, "Qaya" ansamblı və Müslüm Maqomayevlə əməkdaşlıq edib.

Moskva Televiziyasında rejissorluq kurslarını bitirdikdən sonra AzTV-də Qara Qarayev, Tofiq Quliyev, Müslüm Maqomayev, Rəşid Behbudov, Fidan cə Xuraman Qasımova bacıları haqqında musiqi proqramları hazırlayıb. Həmçinin "Abşeron nəğmələri", "Nizami simfoniyası", "Xalqın müğənnisi" və digər ekran əsərlərinin müəllifi olub.

Tofiq Mirzəyev aktyor kimi də geniş tamaşaçı sevgisi qazanıb. O, "Uşaqlığın son gecəsi", "Cinahsız cəbhə", "İstintaq", "Nəsimi", "O qızı tapın", "Mezozoy əhvalatı", "Uzun ömrün akkordları", "Cəbhə xəttinin arxasında", "Təhminə və Zaur" və digər filmlərdə yaddaqalan obrazlar yaradıb.

Sizə yeni x var
Keçid et
Rusiya İlham Əliyevi hədəf aldı - Kremldə dəliliyin ən son həddi