2026-cı ilin ən varlı türklərinin siyahısı məlum olub.
Modern.az xəbər verir ki, “Forbes” jurnalı dünyanın milyarderlər siyahısında yer alan ən varlı türklərin yeni reytinqi açıqlanıb.
Siyahıya əsasən, ən varlı türk iş adamı ABŞ-də fəaliyyət göstərən iş adamı Hamdi Ulukaya olub. O, 13,5 milyard dollarlıq sərvəti ilə qlobal siyahıda 219-cu yerdə qərarlaşıb. Ulukaya məşhur “Chobani” yoqurt brendinin qurucusudur və şirkəti ilə ABŞ-də yoqurt bazarında lider mövqeyə yüksəlib.
İkinci sırada “Yıldız Holding”in əsas səhmdarı Murat Ülker yer alır. Onun sərvəti 5,3 milyard dollar qiymətləndirilir və o, siyahıda 806-cı pillədədir. Ülker qida sənayesində fəaliyyət göstərən “Yıldız Holding” vasitəsilə “Ülker”, “Godiva” kimi beynəlxalq brendləri idarə edir.
Enerji sektorunun tanınmış siması Saban Cemil Kazancı isə 4,9 milyard dollarlıq sərvətlə 869-cu yerdə qərarlaşıb. O, “Kazancı Holding”in əsas səhmdarıdır və holdinq vasitəsilə elektrik enerjisi istehsalı və paylanması sahəsində fəaliyyət göstərir.
Tikinti sektorunda fəaliyyət göstərən Erman Ilıcak 3,8 milyard dollar sərvətlə 1137-ci yeri tutur. Onun rəhbərlik etdiyi “Rönesans Holding” Avropa, Asiya və Yaxın Şərqdə iri tikinti və infrastruktur layihələrinin həyata keçirilməsi ilə tanınır.
“Doğuş Holding”in rəhbəri Ferit Şahenk isə 3,2 milyard dollar sərvətlə 1325-ci yerdə qərarlaşıb. Şahenk turizm, bankçılıq, avtomobil idxalı və media sahələrini əhatə edən çoxşaxəli biznes imperiyasına rəhbərlik edir.
Koç ailəsinin üzvləri də siyahıda yer alıb. Semahat Sevim Arsel və İpek Kıraç hər biri 2,9 milyard dollar sərvətlə 1440-cı və 1560-cı pillələrdə yer alırlar. Onlar Türkiyənin ən böyük konqlomeratlarından olan “Koç Holding”də əsas səhmdarlar kimi fəaliyyət göstərir və enerji, avtomobil, məişət texnikası və maliyyə sektorlarında geniş biznes şəbəkəsinə sahibdirlər. Mustafa Rahmi Koç isə 2,6 milyard dollarla 1611-ci yerdədir və holdingin fəxri sədri kimi fəaliyyət göstərərək uzun illər bu nəhəng biznes strukturunun idarə olunmasında mühüm rol oynayıb.
Siyahıda texnologiya və müdafiə sənayesi də diqqət çəkir. “Baykar” şirkətinin rəhbərlərindən Selçuk Bayraktar 2,7 milyard dollar sərvətlə 1560-cı yerdə qərarlaşıb. O, pilotsuz uçuş aparatlarının (PUA) hazırlanması və istehsalı üzrə ixtisaslaşmış şirkətdə texniki direktor kimi çalışır və şirkətin texnoloji inkişafına rəhbərlik edir. Onun qardaşı Haluk Bayraktar isə 2,4 milyard dollarla 1755-ci pillədə qərarlaşıb və “Baykar”ın baş icraçı direktoru (CEO) olaraq şirkətin strateji idarəçiliyini həyata keçirir.
Bundan başqa, “Astor Enerji”nin rəhbəri Feridun Geçgel (2,7 milyard dollar, 1560-cı yer) də siyahıda yer alıb. Geçgel Türkiyənin enerji avadanlıqları istehsalında öncül şirkətlərindən olan “Astor Enerji”yə rəhbərlik edir və əsasən transformatorlar və elektrik ötürücü sistemlərin istehsalı ilə məşğuldur.
“Çalık Holding”in qurucusu Ahmet Çalık (2,3 milyard dollar, 1834-cü yer) isə enerji, tikinti, tekstil və maliyyə sektorlarını əhatə edən geniş biznes şəbəkəsinə sahibdir. Onun rəhbərlik etdiyi holdinq həm Türkiyədə, həm də beynəlxalq bazarlarda iri layihələr həyata keçirir.
“LC Waikiki”nin əsas səhmdarı Mustafa Küçük (2,2 milyard dollar, 1913-cü yer) isə hazır geyim sektorunda fəaliyyət göstərir. O, şirkətin qlobal miqyasda genişlənməsində əsas fiqurlardan biri hesab olunur və brendin onlarla ölkədə fəaliyyət göstərməsinə nail olub.
Tikinti və enerji sektorunda fəaliyyət göstərən Mehmet Sinan Tara və ailəsi isə 2,5 milyard dollar sərvətlə 1676-cı sıradadır. Onlar Türkiyənin ən böyük şirkətlərindən biri olan ENKA vasitəsilə iri tikinti və enerji layihələrində iştirak edir, xüsusilə beynəlxalq infrastruktur layihələrində mühüm rol oynayırlar.